Müraciətdə deyilir:
Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Qiyasov Miraqil Mirkamal oğlunun apardığı 120070615 saylı cinayət işi üzrə Məmmədov Qurban Cəlal oğluna AR Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir.
Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli qərarı ilə Məmmədov Qurban Cəlal oğlu barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdir və o, hal-hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.
Müdafiəçisi olduğum Q.C.Məmmədov daşınar və daşınmaz əmlaklarını idarə etməsi üçün ailə üzvlərinə etibarnamə vermək niyyətindədir. Verəcəyi etibarnaməni təsdiqləməsi üçün isə, 39-cu Dövlət Notariat Kontorunun notariusunun Bakı İstintaq Təcridxanasına getməsi zəruridir. Notariusun Bakı İstintaq Təcridxanasına getməsi üçün, cinayət işini aparan Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Qiyasov Miraqil Mirkamal oğlu tərəfindən razılıq verilməli və həmin razılıq Nəsimi Rayon Polis İdarəsinin rəisi tərəfindən təsdiqlənməlidir.
Mən, müstəntiq M.Qiyasova dəfələrlə müraciət edərək, notariusun Bakı İstintaq Təcridxanasına gedə bilməsi üçün razılıq verməsini xahiş etsəm də, müstəntiq hər dəfə bir bəhanə ilə həmin razılığı verməkdən yayınır. Hal-hazırda isə, müstəntiq M.Qiyasov bildirir ki, tələb olunan razılığı tərtib edərək, təsdiq etməsi üçün Nəsimi Rayon Polis İdarəsinin rəisinə təqdim etmiş, lakin rəis tərəfindən həmin razılıq hələ də təsdiqlənməmişdir.
Nəzərinizə çatdırım ki, hüquqlarını müdafiə etdiyim Q.C.Məmmədovun daşınar və daşınmaz əmlakları var və həmin əmlakların başqa şəxs tərəfindən idarə edilməsi zəruridir. Bunun üçün etibarnamə verməsi üçün notariusun onun saxlandığı yerə getməsinə qəsdlə maneçilik törədilməsi Q.C.Məmmədovun mülkiyyət hüquqları və bununla bağlı digər hüquqları pozulmaqdadır.
Yuxarıda qeyd edilənləri nəzərə almağınızı, Nəsimi Rayon Polis İdarəsinin rəisinin və müstəntiq Qiyasov Miraqil Mirkamal oğlunun qanunsuz hərəkətlərinə son qoyulması və hüquqlarını müdafiə etdiyim Q.C.Məmmədovun verəcəyi etibarnaməni təsdiqləməsi üçün 39-cu Dövlət Notariat Kontorunun notariusunun Bakı İstintaq Təcridxanasına getməsi üçün lazımi icazənin verilməsi məqsədi ilə müvafiq göstərişlər verməyinizi xahiş edirəm.








































































































