"Bu qərar təəccüb doğurur, çünki Rusiyada öz fəaliyyəti boyunca fond hakimiyyət və dövlət şirkətləri ilə fəal şəkildə əməkdaşlıq edib..."
Rusiya Ədliyyə Nazirliyi xarici agentlər siyahısını genişləndirib. Bunadək üç həftə ərzində müvafiq siyahı yenilənməyib. Qısa fasilədən sonra Ədliyyə Nazirliyi qüvvələrini toplayıb böyük bir təbiəti mühafizə təşkilatını- Ümumdünya vəhşi təbiət fondunu (WWF) xarici agent elan edib.
Modеrator.az xəbər verir ki, bu barədə BBS-nin rus xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, bu, qərar təəccüb doğurur, çünki Rusiyada öz fəaliyyəti boyunca fond fəal şəkildə hakimiyyət və dövlət şirkətləri ilə əməkdaşlıq edib. O cümlədən VTB bankı fondun əsas sponsorları arasındadır, bankın vitse-prezidenti Aleksandr Qoqolev isə WWF-nin müşahidə şurasına daxildir.
2021-cu ildə WWF-nin Rusiya bölməsi və Rusiya Federasiyası Təbii Ehtiyatlar və Ekologiya Nazirliyi arasında bioloji müxtəlifliyin saxlanılması və təsərrüfat və digər fəaliyyətin ətraf mühitə təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
İndi isə iddia edilir ki, fond təbiətin və ətraf mühitin mühafizəsi üzrə fəaliyyəti adı altında Rusiya dövlət orqanlarının qərarlarına təsir etməyə cəhd göstərib, habelə "sənaye və infrastruktur layihələrinin gerçəkləşməsinə" maneçilik törədib.
BBC qeyd edir ki, ekoloji təşkilatlar üçün xarici agent statusu, bir qayda olaraq, onun bağlanmasına gətirib çıxarır. Bu, "qara siyahı"ya daxil edilən əksəriyyət təbiəti mühafizə təşkilatları ilə baş verib.
Fondun özü "Meduza" portalına bəyan edib ki, WWF-nin xarici agentlər siyahısına salınması əsassızdır və məhkəmədə yenidən baxılmasına səy göstərəcək. Fond vurğulayıb ki, "öz üzərinə götürdüyü öhdəlikləri icra edərək, nadir növ heyvanların qorunması və Rusiyanın təbiətini mühafizə etməkdə" davam edəcəkdir.
Ümumdünya vəhşi təbiət fondundan əlavə, xarici agentlər siyahısına iqtisadçı Sergey Quriyev, siyasətçi Gennadi Qudkov, "Yandeks.Xəbərlər"-in sabiq rəhbəri və "True Story" aqreqatının təsisçisi Lev Qerşenzon, bloger Nika Vodvud, jurnalist Daniil Qubarev, həmçinin "Azad Buryatiya" fondu da daxil edilib.



































































































