"Andrey Volkovla görüş tələb etmək üçün Stepanakert(əslində Xocalı-S.L.) hava limanına yürüş edirik".
Moderator.az xəbər verir ki, bunu Xankəndindəki separatçı "Sabahkı Artsax" partiyasının rəhbəri Tiqran Petrosyan söyləyib.
Saat 14:30-da Xankəndi yaxınlığındakı üzdəniraq “Baba və nənə” abidəsinə toplaşan hayklar saat 15:00-da piyada Xocalı hava limanına doğru yollanıblar.
“Laçın yolu heç açılmadı, dünənki görüşlər heç bir nəticə vermədi. Bir neçə gün əvvəl biz insanlarla birlikdə Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinə qalxdıq, noyabrın 9-da üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyi xahiş və tələb etdik. Onlara xəbərdarlıq etdik ki, yol açılmasa, hava limanına gedəcəyik” - deyə T. Pertosyan "Facebook"-da canlı yayımda bildirib.
Xatırladaq ki, dünən - dekabrın 26-da səhər bir qrup erməninin İrəvanın Respublika meydanından Laçın yoluna doğru başlanan yürüşü Azərbaycanın Laçın rayonuyla Ermənistan arasındakı dövlət sərhədində durdurulub. İştirakçılar Rusiya "sülhməramlı" kontingentinin(RSK) komandiri general Andrey Volkovun müavini ilə görüşsələrdə, o, hayklara Azərbaycan ərazisinə daxil olmağa icazə verməyib.
Bundan öncə dekabrın 23 və 24-də Xankəndində bir qrup erməni bəhs edilən separatçı "partiya" rəhbəri Tiqran Petrosyanın rəhbərliyi ilə iki dəfə "sülhməramlı"ların Şuşa yaxınlığındakı postuna doğru yürüş edib və yolun açılmasını tələb ediblər. Dekabrın 25-də isə Xankəndində Putinin milyarder "desant"ı, hayk milyarderi Ruben Vardanyanın başçılığıyla guya Azərbaycanın Laçın yolunu bağlamasına qarşı etiraz mitinqi keçirilib...
Sultan Laçın

































































































