BİRLİK MARŞI
Fərqi yox, Bakılı, ya Naxçıvanlı,
Şəkili, Qazaxlı ya Lənkəranlı.
Siz aranlısızsa, biz də aranlı,
Əgər dağlısızsa, biz də dağlıyıq.
Ceyranlı, cüyürlü oylaqlar bizim,
Göl bizim, çay bizim, çaylaqlar bizim.
Qışlaqlar bizimdir, yaylaqlar bizim,
Biz həm qışlaqlıyıq, həm yaylaqlıyıq.
Doymaram mağardan, çalğı-oyundan,
Elin bayramından, elin toyundan.
Gəl gedək Şuşanın içək suyundan,
İsabulaqlıyıq, Şahbulaqlıyıq.
Nə vaxtdır həsrətəm Laçın üzünə,
Şuşa qalasına, Cıdır düzünə.
Qarabağ taleyi düşüb düyünə,
Qisməti kilidli, bəxti bağlıyıq.
Ölməyək, Şuşanı görək hamımız,
Dönsün həqiqətə arzu, kamımız.
Yeri evimizdir, göyü damımız,
Biz bir səmalıyıq, bir torpaqlıyıq.
Dadsan ləzzət verər, qoxusan ətir,
Nə tamda istəsən nemət bizdədir.
Yadların gözləri süfrəmizdədir,
Tikəsi həmişə ballı, yağlıyıq.
Fərqi yox, dağlısan ya aranlısan,
Gəncəli, Ucarlı, Astaralısan.
Daha soruşmayaq ”žSən haralısan?“
Biz bu gün hamımız Qarabağlıyıq.
Biz bu gün hamımız Qarabağlıyıq.
Yadigar Xanmuradov
Almaniya, Gera şəhəri



































































































