"Dünyanın evini yıxanlar kimdi?"

Hazırda oxunan: "Dünyanın evini yıxanlar kimdi?"

37072

 

“Dünyanın evini yıxanlar kimdi?”-Məmməd Tahir

 

Moderator.az çoxsaylı müraciətləri nəzərə alaraq “Ədəbiyyat” səhifəsi yaradıb. İndi isə oxuculara istedadlı şair Məmməd Tahirin bir neçə şeirini təqdim edirik:.

 

Məmməd Tahir- Naxçlvan MR Kəngərli rayonunun Xok kəndində doğulub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Vətən,məni qınama", Yurdum--and yerim", "Yaz nağlı", "Yol ver,keçim,dünya səndən", "Könlüm came qapısı", "Bir azdan günəş doğacaq", rus dilində "Den koqda ya vernus" şeir kitablarının müəllifidir. Hazırda Bakı şəhər Təhsi İdarəsində şalışır.

 

 

GƏL ELƏ...

 

Qurdu tələdədi,quşu qəfəsdə,

 

Dünyanın yolları çox dolayıdır.

 

Gəl elə oturaq bir az yol üstə

 

Görək kimlər gedir,kimlər qayıdır.

 

Gəl elə oturaq qapı ağzında,

Görək girənlər kim,çıxanlar kimdi.

Qaldırıb çiyninə yaba ağzında,

 Dünyanın evini yıxanlar kimdi.

 

Köhnə bir zəmidi bu dünya elə,

 Görək kim şumlayır,görək kim əkir.

Mələklər əlində ağ qələm ilə

Gözümə Allahın şəklini çəkir.

 

Qocaldıq dünyanın cavan çağında,

Qaldı içimizdə söz qalaq-qalaq.

Zəmi kənarında,yol qırağında

Gəl elə dünyanın dərdinə qalaq.

 

Ələsə un olar,yoğursa kündə,

Dünya əvəzlikdi,sıra sayıdır.

Gəl elə oturaq Allah evində,

Görək din-imana kimlər qayıdır. ...

 

GÖRÜR

Sarıldın mənə

İlan ovuna sarılırmış kimi.

Yandıq,qovrulduq,

 Sac üstə qovrulurmuş kimi

Bir kilsəyə girirmiş kimi,

Biz səninlə bir günaha girdik.

Günaha girənə qədər

Biz iki kafir idik.

Günah bizdəki

Bütün günahları təmizlədi

Günah bizi

 Bütün doğrulardan gizlədi.

Toy evinə girirmiş kimi

Sevinə-sevinə

 Girdik günah evinə.

 İndi bizi kimsə görmür.

Nə məscid,nə kilsə görmür.

Görür korlar,karlar görür.

Günahsızları yalnız

Günahkarlar görür. ...

 

 

MƏN KİM İDİM

 

Yoğurub daşdan,torpaqdan

Bir yuva qurduğum torpaq.

Məndən qabaq kimin oldun

Üstündə durduğum torpaq.

 

Külək qovur,yel sovurur

Sular yuyur,gün qurudur.

Hər gün sənə ağlayıram,

Nədən göz yaşım durudur?

 

İsanın,Musanın qanı,

Davudun sümüyü torpaq.

Kimi üstündə saxladın,

Kimin oldun məndən qabaq?

 

Bölünürsən qətrə-qətrə,

 Gah halala,gah harama.

Ovcumda ovuram səni,

Hər gün səpirəm yarama.

 

Mənim bu quru bədənim,

Səhər daşdı,axşam torpaq.

 Üstündə durduğum torpaq,

Mən kim idim məndən qabaq?

22.08.2013

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO