İran Ordusunda Quru Qoşunlarının komandanı briqada generalı Vəli Cahanşahi ölkə hüdudlarından kənarda olan təkfirçi qruplaşmalara və digər düşmən qüvvələrə xəbərdarlıq edib. O bildirib ki, İran sərhədinə təhlükə yaradılacağı və ya pozulacağı təqdirdə onlara sərt cavab veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İranın şimal-şərqindəki sərhədyanı bölgələrə səfəri zamanı Cahanşahi bəyan edib ki, dövlət sərhədi silahlı qüvvələr üçün "qırmızı xətt"dir və ölkəyə qarşı hər hansı sızma cəhdi və ya aqressiv hərəkətlər "qətiyyətli və sarsıdıcı cavab"la qarşılanacaq.
Generalın sözlərinə görə, bu gün Quru Qoşunları maksimum döyüş hazırlığı səviyyəsindədir, yeni silah və texnikaya malikdir, həmçinin təhdidlər yaranacağı təqdirdə xüsusi əməliyyat planları hazırlayıb.
Cahanşahi vurğulayıb ki, müdaxilə və ya hücum baş verəcəyi təqdirdə İranın təhlükəsizliyini təhdid edən qüvvələrin mövqeləri və bazaları İran pilotsuz uçuş aparatları (PUA) və artilleriyasının hədəfinə çevriləcək. Onun sözlərinə görə, silahlı qüvvələrin cavabı çevik, dəqiq və qətiyyətli olacaq.
Bizim.Media


































































































