Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Hazırda oxunan: Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

630831

Rusiya Ukraynaya qarşı müharibəyə böyük resurslar sərf etməsinə baxmayaraq, Afrikadakı hərbi mövcudluğunu genişləndirməkdə davam edir.

Bizim.Media xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Milli Geoməkan-Kəşfiyyat Agentliyi tərəfindən maliyyələşdirilən “Tearline” layihəsinin OSINT və geospatial məlumatlar əsasında apardığı araşdırmaya görə, Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən “Afrika Korpusu” Liviyada altı aviabazanın infrastrukturunu paralel şəkildə modernləşdirir, bu obyektlərə canlı qüvvə, silah və sursat daşıyır.

Moskvanın Liviya planı

Söhbət Əl-Cufra, Əl-Xadim, Əl-Qərdabiyə, Brak əl-Şati, Məatən əl-Sərrə və Tamanhint aviabazalarından gedir. Bu obyektlərin hamısı feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun nəzarətindədir.
 

Sözügedən bazalarda hava hücumundan müdafiə sistemləri, MiQ-29 qırıcıları və pilotsuz uçuş aparatları da daxil olmaqla müxtəlif hərbi texnikanın yerləşdirildiyi bildirilir. Bu texnikanın bir hissəsinin Rusiya hərbçiləri və muzdlu qüvvələri tərəfindən istismar edildiyi qeyd olunur.


Moskvanın planları yalnız aviabazalarla məhdudlaşmır. Rusiyanın Tobruk limanına və həmin şəhərdə yerləşən aviabazaya investisiya yatırmaq niyyətində olduğu da bildirilir.

Bu məqam xüsusilə diqqət çəkir. Çünki Tobruk limanı və aviabaza da Xəlifə Haftarın nəzarətindədir və Haftar faktiki olaraq Liviyanın şərqindəki hökumətin əsas siyasi-hərbi fiquru hesab olunur.

Əl-Xadim və Əl-Qərdabiyə

Liviyanın şərqində yerləşən Əl-Xadim aviabazası Benqazidən təxminən 100 kilometr şərqdə, səhralıq ərazidə yerləşir. Haftarın nəzarətində olan baza xarici dövlətlərin, o cümlədən Rusiya və BƏƏ-nin dəstəyi ilə mühüm logistika və əməliyyat mərkəzinə çevrilib.
 

Əl-Qərdabiyə aviabazası isə Sirt şəhərindən təxminən 15 kilometr cənubda yerləşən böyük ikili təyinatlı obyektdir. Buradan Rusiya hərbiləşdirilmiş birləşmələrinin, xüsusilə də “Afrika Korpusu”nun istifadə etdiyi bildirilir.


Bazanın uçuş-enmə zolağında və perimetrin mühafizəsində genişmiqyaslı modernləşdirmə işlərinin aparıldığı qeyd olunur.

Əl-Cufra: Afrikaya açılan qapı

Mərkəzi Liviyada Vəddan şəhəri yaxınlığında yerləşən Əl-Cufra aviabazası da Moskvanın regional strategiyasında xüsusi əhəmiyyət daşıyır.

Baza 2017-ci ilin iyununda Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun nəzarətinə keçib. Bundan sonra Əl-Cufra xarici muzdluların və müttəfiq aviasiyanın yerləşdirilməsi, hərbi texnikanın daşınması və əməliyyatların təşkili üçün mühüm mərkəzə çevrilib.

Əslində Moskvanın Liviyaya marağını yalnız bu ölkənin daxili siyasi prosesləri ilə izah etmək çətindir. Liviya coğrafi baxımdan Rusiyaya Şimali Afrikaya, Sahel regionuna və Sudana çıxış imkanı verən mühüm strateji platformadır.

Məatən əl-Sərrə: Sahel istiqamətində əsas dayaq

Liviya ilə Çad və Sudan sərhədlərinin yaxınlığında yerləşən Məatən əl-Sərrə aviabazası isə Rusiyanın Afrika strategiyası baxımından daha böyük əhəmiyyət daşıyır.
 

Haftar qüvvələrinin nəzarətində olan baza 2011-ci ildən faktiki olaraq istifadəsiz qalmışdı. Lakin 2024-cü ilin dekabrından etibarən əraziyə Rusiya texnikasının, şəxsi heyətinin və Bəşər Əsəd rejimi ilə əlaqəli suriyalı döyüşçülərin gətirildiyi bildirilir.


Rusiya və Suriya hərbçilərinin bazanın uçuş-enmə zolaqlarını və anbarlarını bərpa etdiyi qeyd olunur.

Atlantik Şuranın Yaxın Şərq proqramı və Rafik Hariri Mərkəzinin Şimali Afrika üzrə baş elmi əməkdaşı Frenk Talbot Məatən əl-Sərrənin strateji mövqeyinə xüsusi diqqət çəkərək, bazanın Çad və Sudan sərhədlərinə yaxınlığının Rusiyaya Sahel istiqamətində əməliyyat imkanları verdiyini bildirir.

Bu yanaşmaya əsasən, Moskva buradan Burkina-Faso, Mali və Sudana birbaşa logistika təminatı həyata keçirmək imkanına malik ola bilər.

Brak əl-Şati və Tamanhint

Liviyanın cənub-qərbində, Sabha şəhərindən təxminən 50 kilometr şimalda yerləşən Brak əl-Şati aviabazasında da Rusiyanın fəaliyyətini genişləndirdiyi bildirilir.

Məlumata görə, 2024-cü ilin martından Rusiya qüvvələri burada fəaliyyətini artırıb. Bazada ən azı bir yeni anqar və təyyarələrə texniki xidmət üçün istifadə edildiyi ehtimal olunan iki bina inşa olunub.

Rusiya şəxsi heyətinin sayının da 2024-cü ilin dekabrından etibarən 300 nəfərdən 450 nəfərə qədər artdığı bildirilir.

Liviyanın cənubunda yerləşən Tamanhint aviabazası isə ölkənin cənubunu şimal və mərkəzi rayonlarla birləşdirən əsas avtomobil yolunun yaxınlığındadır. Bu səbəbdən obyekt Haftar ordusunun əsas logistika mərkəzlərindən biri hesab olunur.

Məlumatlara görə, 2023-cü ilin ortalarına qədər Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları Tamanhintdən hərbi əməliyyatların həyata keçirilməsi və Sudana silah daşınmasının təmin olunması məqsədilə istifadə ediblər.
 

Hazırda isə bazanın genişləndirilməsi, yeni yaşayış məntəqələrinin salınması, uçuş-enmə zolağını anqarlarla birləşdirən yolun yenidən qurulması və uçuş-enmə zolağının modernləşdirilməsi ilə bağlı layihələrin olduğu bildirilir.


Suriya marşrutu bağlandı, Liviya önə çıxdı

Rusiyanın Liviyadakı fəallığını anlamaq üçün Suriyadakı vəziyyəti də nəzərə almaq lazımdır.

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya Xmeymim və Tartusdakı hərbi bazalardan texnika və silahların bir hissəsini Liviyaya köçürdü. Bu proses Moskvanın Yaxın Şərqdəki əsas tranzit xəttini itirdikdən sonra Afrikaya alternativ marşrut yaratmağa çalışdığı barədə ehtimalları gücləndirdi.
 

18 ay davam edən danışıqlardan sonra Rusiya ilə yeni Suriya hökuməti arasında Xmeymim və Tartus bazaları ilə bağlı razılaşmanın əldə edildiyi bildirilir. Razılaşmaya əsasən, Tartus limanındakı və Xmeymim aviabazasındakı mülki infrastruktur tədricən Suriyanın nəzarətinə veriləcək, hərbi obyektlər isə yenidən qurularaq birgə hərbi-təlim mərkəzlərinə çevriləcək.


Beləliklə, Moskva Suriyada məhdud hərbi iştirakını qorusa da, əsas diqqətini Haftarın nəzarətində olan Liviyanın cənub-şərqindəki hərbi infrastruktura yönəldir.

Afrikada yeni rus logistika şəbəkəsi

African Defence Forum-un məlumatına görə, Suriya Əsəd rejiminin süqutuna qədər Rusiyanın texnika, silah və şəxsi heyəti Afrikaya daşımaq üçün istifadə etdiyi əsas Yaxın Şərq tranzit məntəqəsi olub.
 

Suriya marşrutunun əhəmiyyətini itirməsindən sonra Kremlin Liviya istiqamətinə yönəlməsi təsadüfi görünmür.


Əgər Rusiyanın Liviyada qurduğu hərbi infrastruktur uzunmüddətli xarakter alarsa, ölkə Moskvanın Afrika siyasətində sadəcə hərbi baza deyil, bütöv logistika qovşağı rolunu oynaya bilər. Bu halda Liviya vasitəsilə Sahel ölkələrinə və Sudana texnika, silah və canlı qüvvənin ötürülməsi daha asanlaşacaq.

Burada əsas məsələ isə təkcə Rusiyanın hərbi imkanlarının genişlənməsi deyil. Liviyanın onsuz da parçalanmış siyasi və hərbi strukturu Moskvanın xarici aktorlarla qurduğu əlaqələr fonunda daha mürəkkəb geosiyasi rəqabət meydanına çevrilə bilər.

Haftar faktoru

Moskvanın Liviyadakı strategiyasının mərkəzində Xəlifə Haftarın dayandığını söyləmək mümkündür.

Haftar ölkənin böyük hissəsinə, xüsusilə şərq və cənub bölgələrinə nəzarət edən güclü hərbi-siyasi aktordur. Onun nəzarətində olan aviabazalar Rusiyaya Aralıq dənizi ilə Sahel arasında strateji körpü yaratmaq imkanı verir.

Eyni zamanda, Rusiyanın hərbi mövcudluğu Liviyada onsuz da kövrək olan milli birlik prosesini çətinləşdirə bilər. Xarici dəstək alan yerli fraksiyalar öz mövqelərini daha uzun müddət qorumaq imkanına malik olduqda, ölkədə vahid siyasi və hərbi sistemin formalaşması da daha mürəkkəb olur.

Moskvanın Afrika hesablaması

Rusiya üçün Liviyanın əhəmiyyəti bir neçə istiqamətdə birləşir: Aralıq dənizinə çıxış, Şimali Afrikada hərbi mövcudluq, Sahelə logistika, Sudana çıxış və Afrikadakı müttəfiq şəbəkəsinin gücləndirilməsi.

Bu baxımdan Moskvanın Liviyada yaratmağa çalışdığı struktur ayrıca hərbi layihədən daha böyük məqsədə — Afrikada davamlı Rusiya logistika və hərbi şəbəkəsinin qurulmasına xidmət edə bilər.

Əgər bu proses davam edərsə, Liviyanın cənubundakı aviabazalar Rusiyanın Sahel siyasətində əsas dayaq məntəqələrindən birinə çevrilə bilər. Bu isə Moskvanın Ukrayna müharibəsinə baxmayaraq qlobal hərbi-strateji ambisiyalarını azaltmadığını, əksinə, mövcud imkanları yeni coğrafiyalara uyğunlaşdırdığını göstərən mühüm amil ola bilər. (Mənbə: Haqqin.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO