Monakoda 58 yaşlı ukraynalı multimilyonçu Vadim Yermolayevə qarşı həyata keçirilən sui-qəsd cəhdinin onun yaxın ətrafından olan bir şəxs tərəfindən idarə edilən, xüsusi planlaşdırılmış əməliyyat olduğu məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" təhlükəsizlik xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.
Hadisə ötən bazar ertəsi saat 21:00 radələrində knyazlığın mərkəzindəki "Sun Palace" yaşayış kompleksinin girişində baş verib.
Ora qoyulmuş və içərisi mismar, bolt-qayka ilə doldurulmuş kürək çantasının partlaması nəticəsində maqnat çoxsaylı qəlpə yaraları alıb və hazırda xəstəxanada ölüm-qalım savaşı verir.
İlkin məlumatlarda partlayış zamanı Yermolayevin 56 yaşlı rəsmi həyat yoldaşı Anna Yermolayevanın yaralandığı bildirilsə də, jurnalistlər hadisə anında oliqarxın yanında onun uzunmüddətli sevgilisi — 46 yaşlı Anna Nasobinanın olduğunu üzə çıxarıblar.
Güclü partlayış dalğası nəticəsində Nasobinanın hər iki ayağı qopub. Həkimlər onun ətraflarını amputasiya ediblər, qadın kritik vəziyyətdə reanimasiyadadır. Cütlüyün yanında olan 13 yaşlı ortaq oğulları isə zərbənin gücündən 15 metr kənara atılıb və o da xəstəxanaya yerləşdirilib.
Zərərçəkən Anna Nasobina Ukraynanın Dnepr şəhərindəndir və Dnepropetrovsk vilayətinin prokurorunun keçmiş birinci müavininin qızıdır. O, son illər Londonda iş qadını kimi fəaliyyət göstərir və Rusiya sənətçilərinin iştirakı ilə elit tədbirlər təşkil edən "Club Eclectique" incəsənət klubunun həmtəsisçisidir.
Monako Prokurorluğu hadisəni terror aktı kimi deyil, qəsdən adam öldürməyə cəhd maddəsi ilə araşdırır. Polis kameralara düşən panama papaqlı şübhəlini axtarır.
İstintaq bir neçə variantı nəzərdən keçirir, lakin prioritet kimi kriminal iz qəbul olunur. Ukrayna polisinin məlumatına görə, Yermolayev Dneprdəki fırıldaqçı çağrı mərkəzləri (call-center) şəbəkəsi ətrafındakı münaqişəyə görə hədəf seçilə bilər. Avropada bu şəbəkənin vurduğu ziyan 100 milyon avro qiymətləndirilir. "Ukrainska Pravda" isə sui-qəsdin Dnepr kriminal avtoritetlərinə olan ödənməmiş borclar və təsir dairələrinin bölünməsi ilə bağlı olduğunu yazır.
Vadim Yermolayev var-dövlətini 1990-cı illərdə spirtli içki ticarətindən qazanıb. 2021-ci ildə "Forbes" onun sərvətini 225 milyon dollar dəyərində qiymətləndirmişdi (Ukraynanın ən zəngin adamları siyahısında 45-ci yer). Lakin milyarderin bioqrafiyası qalmaqallarla doludur:
2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edərək Kipr pasportu alıb.
2021-ci ildə tamamilə Monakoya köçüb.
2023-cü ilin dekabrında Ukrayna Prezidenti Volodimir Zelenski Yermolayevə qarşı şəxsi sanksiyalar tətbiq edib. Kiyev onu Krımdakı şərabçılıq biznesini Rusiya qanunları ilə davam etdirməkdə və Rusiya büdcəsinə milyonlarla vergi ödəməkdə ittiham edib. Oliqarx isə Rusiya ilə hər hansı əlaqəsini təkzib edib.
Kriminal versiya ilə yanaşı, siyasi iz də yoxlanılır. Fransa mediasının iddiasına görə, Yermolayev Avropa Parlamentində Ukraynadakı korrupsiya barədə hesabatla çıxış etməyə hazırlaşırmış. Bununla əlaqədar olaraq müstəntiqlər partlayışın təşkilində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) də əli ola biləcəyini istisna etmirlər. Bəzi ekspertlər bu partlayışı oliqarxa edilən "son xəbərdarlıq" kimi qiymətləndirirlər.
Bizim.Media


































































































