Yaxın Şərqdə vəziyyət gərgin və qeyri-sabit olaraq qalır.
Bizim.Media xəbər verir ki, İran və ABŞ arasında İslamabadda danışıqların aparılması barədə məlumatlar dialoqun bərpasına cəhd kimi qiymətləndirilir. Lakin bu təmasların qeyri-müntəzəm xarakter daşıdığı və hələlik nəticə vermədiyi bildirilir.
Eyni zamanda İsrail elan olunmuş atəşkəsə baxmayaraq, Livan ərazisinə zərbələr endirməyə davam edir. Bu isə faktiki olaraq atəşkəs rejiminin pozulduğunu göstərir.
Ümumilikdə region uzunmüddətli eskalasiya vəziyyətində qalır və gərginliyin daha da artması riskləri davam edir.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İrana qarşı “Epik qəzəb” əməliyyatı başa çatıb. Onun sözlərinə görə, Vaşinqton bu mərhələni artıq yekunlaşdırıb və indi “Azadlıq” layihəsinə keçir.
ABŞ Prezidenti Donald Tramp isə Hörmüz boğazında gəmilərin müşayiətini nəzərdə tutan “Azadlıq” layihəsinin qısa müddətə dayandırılacağını açıqlayıb. Tramp bildirib ki, bu addım İranla sazişin yekunlaşdırılması və imzalanması imkanlarını qiymətləndirmək üçün atılır.
Ağ Evdə keçirilən brifinqdə Marko Rubio ABŞ tərəfinin Hörmüz boğazındakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə düzəlişlər etdiyini bildirib.
Bundan başqa, ABŞ İranı Hörmüz boğazında gəmilərin müşayiəti üzrə “Azadlıq” əməliyyatı barədə xəbərdar edib və müdaxilə olacağı təqdirdə cavab veriləcəyi ilə hədələyib.
Bu barədə Axios yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bizim.Media






































































































