"Biz Sovet İttifaqını bərpa etmək istəmirik"

Hazırda oxunan: "Biz Sovet İttifaqını bərpa etmək istəmirik"

46798
Rusiya prezidenti Vladimir Putin rəsmi Moskvanın SSRI-ni bərpa edəcəyi ilə bağlı səslənən iddialara cavab verib. Kreml rəhbəri bu iddiaların əsassız və informasiya müharibəsinin tərkib hissəsi olduğunu bildirib. Onun sözlərinə görə Rusiya heç də postsovet məkanını öz təsiri altına almaq niyyətində deyil. V.Putin qeyd edib ki, bəzi dairələr bilərəkdən Rusiyanın guya SSRI-ni bərpa edəcəyi ilə bağlı məlumatlar yayır. O, Avrasiya Iqtisadi Ittifaqının yaradılması ilə bağlı imzalanacaq sənəddə heç bir imperiya ambisiyalarının olmadığını vurğulayıb.
“Bizə damğa qoymağa çalışırlar ki, guya biz imperiya, Sovet Ittifaqı yaratmağa çalışırıq, hamını öz təsirimiz altına almaq niyyətindəyik. Bu, tamamilə həqiqətə uyğun deyil”, deyə Vladimir Putin Sankt Peterburqda keçirilən Beynəlxalq iqtisadi forumda bildirib. 
Vladimir Putin onu da bildirib ki, Ukaynadakı prezident seçkilərinin nəticələrinə hörmətlə yanaşacaq və Rusiya Ukraynada qanun-qaydanın bərpa edilməsini istəyir.
Bəzi ekspertlər hesab edir ki, Vladimir Putinin səsləndirdiyi fikirlər səmimi deyil və yaranmış vəziyyətə uyğun siyasi gedişdir.

Politoloq Vəfa Quluzadə bildirdi ki, Putin başqa fikirlər səsləndirsə də, onun komandası SSRI-nin bərpasından danışır:  “Rusiya avtoritar dövlətdir. Avtoritar dövlətlərdə isə, adamlar özbaşına danışmaq haqqına malik deyil. Ələlxüsus da siyasətçilər, millət vəkilləri komanda alandan sonra danışırlar. Yəni, bu adamlar birinci şəxsin xeyir-duasını alandan sonra danışırlar. Bu gün Putinə yaxınlığı ilə seçilən yazıçılar, sənət adamları, siyasətçilər Sovet imperiyasının bərpasından danışır. Ona görə də mən Putinin dediklərinə inanmıram”.

Politoloq onu da əlavə etdi ki, Putin praqmatik siyasətçi olduğu üçün belə gedişlər edir. Çünki, o Sovet imperiyasını bərpa etməyin mümkün olmadığını bilir: “Putin qərbə demək istəyir ki, siz bugünə qədər nə əldə etmisiniz halal xoşunuz olsun. Mən də Avrasiya Ittifaqını yaradıram və bu ittifaqa daxil olan ölkələr mənim rəhbərliyim altında olacaq. Siz də bu ərazilərdə bütün əlaqələrinizi mənim vasitəmlə həyata keçirin. Putin nəyi güc mövqeyindən həll edə biləcəksə, onu edəcək. Necə ki, Krımı güc mövqeyindən istifadə edib ilhaq etdi. Ukraynanı bütünlükdə isə ram edə bilmir. Ona görə də indi özünü xoşməramlı göstərir”.

Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, Putinin addımları səsləndirdiyi fikirləri inkar edir.  “Son aylarda Putin hökumətinin atdığı addımlar onun heç də səmimi olmadığını göstərir. Hələ uzun illər öncə Putin Sovet Ittifaqının dağılmasını, 20-ci əsrin ən böyük geopolitik faciəsi kimi qiymətləndirmişdi. Bu açıqlama Putinin tarixə necə münasibət göstərməsini nümayiş etdirdi”.

Ekspert qeyd etdi ki, Putin hökuməti təhlükəsiz və çiçəklənən dünya üçün çalışsaydı, insan azadlıqlarının və sivil demokratik dəyərlərin bərqərar olunması üçün ciddi səylər göstərərdi: “Krımı işğal etməklə Putin Rusiyanın dünyada sülh və təhlükəsizlik üçün böyük təhlükə olduğunu sübut etdi. Qərb dünyası açıq şəkildə işğalçı siyasət aparan Rusiyanı cilovlaya bilməsə, Putin aqressiv siyasətini davam etdirəcək”. 

Azadliq.info


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO