Son illər ərzində Körfəz və digər ərəb ölkələri Azərbaycan turizmi üçün əsas hədəf bazarlardan biri kimi çıxış edib. Belə ki, xüsusilə yay aylarında bu ölkələrdən gələn turistlər həm say, həm də xərcləmə həcmi baxımından ölkənin turizm sektorunda mühüm paya malik olublar. Lakin son aylarda açıqlanan rəsmi statistika ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında azalma olduğunu göstərir.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “modern.az”a danışan turizm mütəxəssisi Rəhman Quliyev bildirib ki, Körfəz ölkələrindən Azərbaycana gələn turist sayında müşahidə olunan azalma əsasən regionda yaranmış geosiyasi vəziyyətlə əlaqədardır.
Onun sözlərinə görə, müharibədən əvvəl Körfəz ölkələrindən Azərbaycana turist axını kifayət qədər yüksək idi:
“Son vaxtlarda Körfəz ölkələrindən Azərbaycana gələn turist sayında azalma müşahidə olunur. Bunu bütün dünyada baş verən geosiyasi vəziyyətin nəticəsi kimi qiymətləndirmək olar. Hörmüz boğazı ətrafında baş verən müharibədən əvvəlki dövrə baxsaq, görərik ki, həmin istiqamətdən Azərbaycana kütləvi turist axını olurdu. Xüsusilə Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından ölkəmizə çoxlu turist gəlirdi”.
“Hazırda həmin regionda baş verən silahlı qarşıdurma və artilleriya döyüşləri Körfəz ölkələrinin hava məkanında məhdudiyyətlər yaradıb. Hava məkanlarının tam və ya qismən bağlanması nəticəsində həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayında da azalma müşahidə olunur”.
R.Quliyev qeyd edib ki, yaranmış vəziyyət Asiya ölkələrindən Azərbaycana həyata keçirilən reyslərə də təsir edir:
“Asiya ölkələrindən Azərbaycana gələn aviareyslərin əksəriyyəti Körfəz ölkələrinin hava məkanından keçirdi. Hazırda həmin hava məkanlarının məhdud fəaliyyət göstərməsi səbəbindən təyyarələr daha uzun marşrutlarla uçmağa məcbur olurlar. Bu isə uçuş məsafəsini artırır, aviaşirkətlərin xərclərini yüksəldir və nəticədə aviabiletlərin qiymətinə təsir göstərir”.
Turizm eksperti hesab edir ki, turist axınının azalmasına təsir edən digər mühüm amil müharibənin region ölkələrinin iqtisadi vəziyyətinə təsiridir:
“Müharibənin yaratdığı problemlər nəticəsində həmin ölkələrin iqtisadi vəziyyəti pisləşib, insanların sosial rifahı aşağı düşüb. Bu da onların səyahət imkanlarını və turizm potensialını azaldır. Bütün bu amillər birlikdə Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayının azalmasına səbəb olur”, - deyə R.Quliyev qeyd edib.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana Səudiyyə Ərəbistanından gələnlərin sayı təxminən 19,7 min nəfər olub və ümumi gələnlərin 1,8 faizini təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu göstərici təxminən 39 min nəfər idi və ümumi turistlərin 3,2 faizini təşkil edirdi. Beləliklə, bir il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı təxminən 19,3 min nəfər və ya 49,5 faiz azalıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:02 / 06.08.2026
Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB
Hazırda oxunan: Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB
Hazırda oxunan: Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB
629746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































