Aznews.az-a daxil olan məlumata görə, alimin istefasına səbəb institut daxilində intriqalarin şddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilə etməsi olub.
Bildirilir ki, son vaxtlar T.Hacıyevdən tez-tez şikayətlər olurmuş, ona qarşı açıq kampaniya aparılırmış. Bu kampaniyaya başçılığı isə onun müavini, əvvəllər dostluq münasibətində olduğu Məhəbbət Mirzəliyeva edib.
M.Mirzəliyeva T.Hacıyev barəsində AMEA-nın direktoru Akif Əlizadəyə və yuxarı instansiyalara dəfələrlə şikayət ərizəsi göndərib. Şikayətin əsas məğzini isə T.Hacıyevin yaşlı olması və kollektivlə yola getməməsi təşkil edib. Akademiya rəhbərliyinın Hacıyevi müdafiə etməməsi, əksinə ona qarşı kampaniya aparan şəxslərə hamilik etməsi direktoru istefa verməyə məcbur edib. T.Hacıyevin yerinə artıq əvəzedici də təyin edilib (AMEA-da institut direktorları akademiklər tərəfindən seçki yolu ilə, 5 ildən bir seçilir). Həmin posta Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu gətirilib. M.Nağısoylu vəzifəsinin icrasına bazar ertəsindən başlayacaq.
Qeyd edək ki, Tofiq Hacıyev Dilçilik İnstitutunda direktor vəzifəsinə 2014-cü ilin aprel ayında seçilib. T.Hacıyev əvvəlcə imtina etsə də, sonradan AMEA-nın təklifi ilə razılaşıb. O, çox yaşlı olduğunu əsas gətirərək, bu vəzifənin yükünü çəkmək istəmədiyini bildirib. Lakin sonradan onu razılaşdıra biliblər. Məlumat üçün bildirək ki, Məhəbbət Mirzəliyeva da elə həmin tarixdə T.Hacıyevin müavini vəzifəsinə təyin edilmişdi. Onu da bildirək ki, T.Hacıyev həm də Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiridir.


































































































