Ətdən baha satılan “Qulançar”ın inanılmaz FAYDALARI - FOTO

Hazırda oxunan: Ətdən baha satılan “Qulançar”ın inanılmaz FAYDALARI - FOTO

74322

Sağlam və uzun ömürlü həyat yaşamaq üçün təbii bitkilərdən, məhsullardan istifadə olduqca vacibdir. Dağ rayonlarında yaşayan, uzun ömür sürən şəxsləri nəzərə alsaq, bu fakt dəfələrlə öz təsdiqini tapıb. Çox adamın “qulançar” kimi tanıdığı min bir dərdin dərmanı kimi sevilən faydalı bitki də bu qəbildəndir. Hər il yaz aylarında bazarlarda satışa çıxarılan bu bitkinin qiymətinin olduqca baha olması, hətta 1 kiloqram ət qiymətinə satılması ayrıca müzakirə mövzusudur.

Qida üzrə baş mütəxəssis Ağa Salamov Bizim.Media-ya sözügedən bitki haqqında məlumat verərək onun faydalarından danışıb.

“Mərəçöyüd və ya qulançar adlanan bu bitki, respublikamızda ən çox Naxçıvan, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, Gəncə-Qazax, Lənkəran-Astara, Quba–Xaçmaz, Şəki-Zaqatala və s. bölgələrdə ən çox quru, daşlı-çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir. Bəzi dillərdə bu bitki “asparagus”, “sparja”, “kuşkonmaz”, “kamamuri”, “kumi saqqızı” kimi ifadə olunur. Bitkinin yaşı çox qədimdir, 4000 il öncə Misirdə və ondan əvvəl də Qədim Roma da tanınırdı. Bu bitkinin mətbəxdə də xüsusi yeri var və ən çox salatlar da çiy və ya azca pörtləmiş şəkildə istifadə olunur. Qırmızı ət məhsullarına da qarnir olaraq çox yaraşır”.

Mütəxəssisin sözlərinə görə, mərəçöyüd/qulançar sümüklərə və yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün çox faydalıdır:

“Faydalarına gəlincə mərəçöyüdün faydalarını saymaqla bitməz. Sadəcə qısa olaraq onu deyə bilərəm ki, tərkibində K vitamini zəngin olduğuna görə orqanizmdə kalsiumun sovrulmasına yardımçı olur. Bunun da təbii olaraq sümüklərə və ümumilikdə skletə çox faydaları var. Tərkibindəki “glutathione” sayəsində stress zamanı bədəndə əmələ gələn sərbəst radikalların bədəndən çıxarılmasını təmin edir və probiotik  tərkibə malik olduğu üçün  immunitet sistemini də gücləndirir.
 

Mərəçöyüd yüksək qan təzyiqini tənzimləməyə yardımçı olan kalium mineralı ehtiva edir. Kalium qan damarlarının divarlarını genişləndirərək və artıq duzu idrar vasitəsilə çıxararaq qan təzyiqini azaldır”.


Kimlərə məsləhət görülmür? 

1. Köpdən əziyyət çəkənlər az istehlak etməsələr məsləhətdir çünki mərəçöyüd tərkibindəki rafinoza adlanan karbohidrat səbəbiylə də köpə səbəb ola bilər.

2. Zanbaq ailəsinə qarşı allergiyaya meylli insanlar diqqətli olmalıdırlar.

3. Gut xəstəliyi, böyrək daşı, sidik turşusu ilə bağlı problemləri olan insanlar mərəçöyüd yeməkdə ehtiyatlı olmalıdırlar, çünki tərkibində purinlər var.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO