Milli Məclisin deputatı Mircəlil Qasımlı İnsan hüquqları komitəsinin iclasında ChatGPT barədə səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə olunmasına və tənqidlərə cavab verib.
Bizim.Media-ya açıqlama verən deputat bildirib ki, 7 dəqiqədən çox davam edən çıxışının yalnız bir hissəsi kontekstdən çıxarılaraq təqdim olunub:
“İnsan Hüquqları Komitəsinin iclasında, bəli, ChatGPT ilə bağlı da fikrimi bildirmişəm. Amma əslində mənim çıxışım 7 dəqiqədən çox davam edib. Təəssüf ki, bəzi media nümayəndələri daha çox baxış və “like” toplamaq üçün çıxışın yalnız bir hissəsini kontekstdən çıxararaq yayımladılar.
Sosial şəbəkələrin də reallığı budur ki, insanların böyük bir qismi videonun ilk 10 saniyəsinə baxır, bəzən isə ümumiyyətlə videonu izləmədən, sadəcə şəklin üzərində yazılan başlığı oxuyub münasibət bildirir. Halbuki həmin çıxışda mən təhsildən, cinayətkarlığın qarşısının alınmasından, elektron portaldan, vətəndaş müraciətlərinin düzgün istiqamətləndirilməsindən və insanların vaxtının boş yerə itirilməməsindən danışmışam. Təəssüf ki, bunların heç biri geniş işıqlandırılmadı.
ChatGPT məsələsinə gəldikdə isə, mənim ayrıca bu mövzuda çıxış etmək niyyətim olmayıb. Həmkarlarımdan biri ChatGPT-nin Azərbaycana inteqrasiyasının doğru olmadığını bildirdi. Mən də həmin müzakirə çərçivəsində fikrimi söylədim və süni intellektin, o cümlədən ChatGPT-nin düzgün istifadə edildiyi halda faydalı bir vasitə olduğunu qeyd etdim.
Məni daha çox düşündürən başqa bir məsələ deputatlara qarşı aqressiyanın bəzən həddindən artıq olmasıdır. İnsanı tanımadan, fəaliyyətinə baxmadan, hətta çıxışını tam izləmədən onun haqqında hökm vermək doğru yanaşma deyil. Tənqid normaldır, hətta lazımdır. Amma tənqidlə təhqiri bir-birindən ayırmaq lazımdır”.
Müraciətində tənqidlərə də toxunan millət vəkili diqqətəlayiq məqamı qeyd edib:
"Qısası, ortaya maraqlı bir mənzərə çıxır: çıxışı kontekstdən çıxaran bəzi jurnalistlər ədalətdən, çıxışı tam izləmədən şərh yazan bəzi sosial şəbəkə istifadəçiləri isə savaddan danışırlar..."
Süni intellekt istifadəçilərinin fərdi data təhlükəsizliyi məsələsinə də toxunan deputat bildirib ki, texnologiya inkişaf etdikcə şəxsi məlumatların qorunması mexanizmləri də təkmilləşməlidir:
"Süni intellekt istifadəçilərinin məlumatlarının qorunması məsələsi gələcəkdə də dövlətin diqqətində və nəzarətində olacaq. Cənab Prezident İlham Əliyev də son çıxışlarında süni intellekt və yeni texnologiyalarla bağlı mövqeyini ifadə edib. Reallıq budur ki, dünya sürətlə süni intellekt dövrünə keçir. Bizim yanaşmamız texnologiyadan qaçmaq deyil, onu düzgün, təhlükəsiz və ölkəmizin maraqlarına uyğun şəkildə istifadə etmək olmalıdır".
Ayşəm Rüstəmli, Bizim Media

- A-
- A
- A+
Cəmiyyət
16:40 / 08.10.2026
“Çıxışım kontekstdən çıxarılıb” – “ChatGPT” ilə bağlı fikirləri müzakirələrə səbəb olan deputatdan AÇIQLAMA
Hazırda oxunan: “Çıxışım kontekstdən çıxarılıb” – “ChatGPT” ilə bağlı fikirləri müzakirələrə səbəb olan deputatdan AÇIQLAMA
Hazırda oxunan: “Çıxışım kontekstdən çıxarılıb” – “ChatGPT” ilə bağlı fikirləri müzakirələrə səbəb olan deputatdan AÇIQLAMA
641140
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































