Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Hazırda oxunan: Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

640698

Korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat verən şəxslərə maddi mükafat veriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əks olunub.

Layihəyə əsasən, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsi hesabına, büdcə təşkilatlarında isə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək.

Mükafat korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumatın araşdırılaraq təsdiqini tapması barədə məlumat verən şəxsə məlumat verildiyi tarixdən etibarən 10 iş günü ərzində ödənilməlidir.

Layihədə mükafatın məbləği ilə bağlı da yuxarı hədd müəyyən edilir.

Belə ki, maddi mükafat minimum əməkhaqqının 25 mislindən çox ola bilməz. Mükafatın məbləği müəyyən edilərkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.

Qanun layihəsində cinayət işi üzrə məlumat verən şəxslər üçün ayrıca ödəniş mexanizmi də müəyyənləşdirilir. Cinayət təqibi nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar çıxarıldığı, yaxud cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyi halda, xüsusi müsadirə edilmiş əmlak və ya pul vəsaiti, eləcə də dövlət büdcəsinə ödənilən məbləğ və ya dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın müəyyən hissəsinin məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur.

 

Layihəyə əsasən, bu məbləğ xüsusi müsadirə edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsaitin, xüsusi müsadirə edilmiş pul vəsaitinin, habelə müvafiq hallarda dövlət büdcəsinə ödənişin və ya dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın 5 faizi həcmində müəyyən ediləcək.

 

Məlumat verən şəxsə cinayət işi üzrə pul vəsaitinin ödənilməsi barədə qərar məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılığı ilə müstəntiq, məhkəmə icraatı zamanı isə işə baxan məhkəmə tərəfindən qəbul ediləcək.

Layihədə həmçinin məlumat verən şəxsin məxfiliyinin qorunması nəzərdə tutulur. Mükafatın rəsmiləşdirilməsi və ödənilməsi zamanı məlumat verən şəxslə bağlı konfidensiallıq tələblərinə riayət edilməli, bu məlumatların digər şəxslərə açıqlanmasına yol verilməməlidir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO