Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Hazırda oxunan: Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

639874

2027-ci il magistraturaya qəbul səviyyəsində xarici dil imtahanında danışıq qabiliyyəti yoxlanılmayacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verib.

Açıqlamada bildirilib ki, növbəti ildə magistraturaya qəbul imtahanı modelində hər hansı dəyişiklik nəzərdə tutulmur.

“Magistraturaya qəbul imtahanında danışıq bacarıqlarının yoxlanılmasının isə hələlik tədrisi ingilis dilində olan ixtisaslara qəbul zamanı və 2028-ci ildən tətbiq olunacağı nəzərdə tutulur. Hazırkı qəbul modelində namizədlərin xarici dil üzrə bilik və bacarıqları əsasən yazılı imtahan vasitəsilə qiymətləndirilir. Tədrisi ingilis dilində olan magistratura proqramlarında isə tələbələrin mühazirə və seminarları izləməsi, müzakirələrdə iştirak etməsi, təqdimatlar etməsi və öz fikirlərini şifahi şəkildə əsaslandırması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan danışıq bacarığının ayrıca qiymətləndirilməsi namizədin ingilisdilli akademik mühitdə təhsil almağa hazırlığı haqqında daha dolğun təsəvvür formalaşdıracaq.

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə imtahanlarda, xüsusilə doktoranturaya qəbul imtahanlarında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi sahəsində artıq müvafiq təcrübəyə malikdir. Bu təcrübə danışıq imtahanının məzmununun hazırlanması, tapşırıq modellərinin seçilməsi, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və qiymətləndiricilərin hazırlanması baxımından magistratura səviyyəsində tətbiq olunacaq model üçün mühüm metodoloji baza yaradıb”.

Məlumatda qeyd edilib ki tədrisi ingilis dilində olan ixtisaslara qəbul zamanı yeni qiymətləndirmə komponentinə mərhələli keçidin təmin edilməsi məqsədilə 2027-ci ildən etibarən ingilis dili üzrə danışıq bacarıqlarının qiymətləndirilməsinə dair sınaq imtahanlarının keçirilməsi də planlaşdırılır.

 

“Sınaq imtahanları namizədlərə tapşırıq növləri, imtahanın keçirilmə proseduru və qiymətləndirmə meyarları ilə əvvəlcədən tanış olmaq imkanı yaradacaq”.

 

Açıqlamada o da vurğulanıb ki, 2027-ci ildə imtahanlar bu il tətbiq olunan qayda və formaya uyğun kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

“Ancaq gələcəkdə magistraturaya qəbul imtahanlarının elektron formada təşkil olunması nəzərdən keçirilir. Bununla bağlı əvvəllər də məlumat vermişik. Texniki, təşkilati və məzmun, eləcə də qanunvericilik məsələlərinin həlli ilə bağlı işlər başa çatdıqdan sonra bu mümkün ola bilər. Bu məsələ ilə bağlı hər hansı bir dəyişiklik olsa, əvvəlcədən ictimaiyyətə rəsmi məlumat veriləcək”.

Xatırladaq ki, bu il DIM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında bildirib ki növbəti ildən etibarən magistratura səviyyəsinə qəbul imtahanında xarici dil üzrə danışıq bacarıqları da qiymətləndiriləcək.

Nəzrin Mirzəyeva Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO