Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Hazırda oxunan: Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

639853

Azərbaycanda 2020–2025-ci illər ərzində xəstəxanalarda həyata keçirilən cərrahiyyə əməliyyatlarının sayı təxminən 2 dəfə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə xəstəxanalarda 248,8 min cərrahiyyə əməliyyatı aparıldığı halda, 2025-ci ildə bu rəqəm 502,5 minə yüksəlib. Beləliklə, 5 il ərzində əməliyyatların sayı 253,7 min, yaxud 102% artıb.

Əhali sayına nisbətdə də artım diqqət çəkir.

2020-ci ildə hər 1000 nəfərə 24,9 xəstəxana əməliyyatı düşdüyü halda, 2025-ci ildə bu göstərici 49,1 olub. Başqa sözlə, əhali üzrə hesablanan göstərici də təxminən 2 dəfə yüksəlib.

Ambulator-poliklinika müəssisələrində isə artım daha zəif olub. 2020-ci ildə burada 79,7 min əməliyyat həyata keçirildiyi halda, 2025-ci ildə göstərici 133,8 minə çatıb. Bu, beş il ərzində təxminən 68% artım deməkdir.

Ümumilikdə, 2020-ci ildən 2025-ci ilə qədər həm xəstəxanalarda, həm də ambulator-poliklinika müəssisələrində cərrahi müdaxilələrin sayı əhəmiyyətli dərəcədə artıb.

Bəs, cərrahiyyə əməliyyatlarının sayının son 5 ildə 2 dəfə artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, cərrahi əmliyyatların statistik artımını insanların daha çox xəstələnməsi kimi izah etmək düzgün qəbul edilməməlidir:

“Burada müxtəlif səbəbləri araşdırmaq lazımdır. Əvvəla onu qeyd edək ki, 2020-ci ildə COVID-19 pandemiyasının təsirindən həmin dövrdə planlı əməliyyatların bir hissəsi təxirə salınmışdı. Ona görə 2020-ci illə 2025-ci ili müqayisə edəndə artım daha kəskin görünür.

Eyni zamanda İcbari Tibbi Sığortanın geniş tətbiqi nəticəsində insanların müayinəyə, diaqnostikaya çıxışları artıb və təbii olaraq bu da cərrahi əməliyyatların sayına təsir edən amil kimi özünü biruzə verməkdədir.
 

USM, KT, MRT, endoskopiya, laborator müayinələr və digər diaqnostik imkanların çoxalması xəstəliklərin daha çox aşkarlanmasına gətirib çıxarır, nəticədə xidmət həcminin ciddi şəkildə genişlənməsi sayəsində cərrahi xəstəliklərin aparılması tələbləri də artır.



Azərbaycan Respublikasında cərrahi xəstəliklərin müalicəsi üçün münbit infrastrukturun yaradılması və yerli mütəxəsislərin həcmli əməliyyatları uğurla icra edə bilməsi də həmin statistikaya təsir göstərən faktorlardan biridir.

Minimal invaziv metodların və müasir cərrahiyyənin inkişafı nəticəsində laparoskopik, endoskopik və digər az travmatik müdaxilələrin genişlənməsi də əməliyyata göstərişi olan xəstələrin daha təhlükəsiz müalicə olunmasına şərait yaradır.

Bu da öz növbəsində əhalinin cərrahi müalicəyə müraciətinin artmasına səbəb olur.

Habelə əhalinin yaşlanması və xroniki xəstəliklərin artması müəyyən cərrahi əməliyyatlara tələbi artırır. Bu amil ürək-damar, onkoloji, ortopedik, göz və digər xəstəliklərdə özünü daha çox təsdiqləyir. Əməliyyatların  artması xəstəliklərin də  artması demək deyil. Bu göstəricinin bir hissəsi tibbi xidmətə çıxışın və əməliyyat imkanlarının genişlənməsinin fonunda artım kimi izlənilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO