Azərbaycanın qərb bölgəsinin mühüm yaşayış məskənlərindən biri olan Şəmkir özündə əsrlər boyu müxtəlif dövlətlərin izlərini yaşadır. Keçmişində dəfələrlə adı dəyişən bu rayon sanki adları ilə bərabər hər dəfə tarixini və taleyini də dəyişməli olub.
MÖVZU İLƏ BAĞLI:
Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var
VII əsrin ortalarında ərəblər tərəfindən işğal olunmuş Şəmkir ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırıldı. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX-XII əsrləri əhatə edir. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirilib. Bu zaman bölgə dövrünün ən məşhur ticarət nöqtələrindən biri olub. Amma monqol işğalçılarına qarşı qanlı döyüşlər şəhərin ticarətinə, yaşayışına əhəmiyyətli dərəcədə təsir edirdi. Şəmkir əhalisi fəal şəkildə döyüşlərə qatılırdı. Şəhər sakinləri Bəhram şahdan (V Bəhram/Bəhram Gur, Nizami Gəncəvinin “Yeddi gözəl”inin ithaf olunduğu şah) işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb edir.
Niderland və Rusiya kraliçasının adını daşıyan şəhərimiz
XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədər (Qızılbaşlar tayfasının bir qolu) tayfasının irsi hakimiyyətinə keçdi. Xanlıqlar dövründə isə Şəmkir Gəncə xanlığının tərkibində olub. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirildi. 1826-1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsində çar qoşunları İran ordusunu məğlub etdi.
XIX əsrin I yarısında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kolonistlərindən bir qrupu Şəmkirdə məskunlaşdı. Elə rayonun ən maraqlı tarixi dövrlərindən biri də bu zamandan başlayır. XIX əsrin əvvəllərində Almaniyanın Vürtemberq krallığından köçən ailələr qədim Şəmkir şəhəri yaxınlığında məskunlaşaraq Annenfeld adlı koloniya saldılar. Bu ad Rusiya imperatoru I Pavelin qızı, Niderland kraliçası Anna Pavlovnanın şərəfinə verilmişdi. Yerli əhali buranı qısaca Anino adlandırırdı. 1916-cı ildə Rusiya imperiyası Almaniya ilə müharibə şəraitində olduğu üçün alman mənşəli "Annenfeld" adı rəsmi olaraq Anino formasına salındı. O dövrün sənədlərində və xəritələrində ərazi Şamxor-Anino kimi qeyd olunurdu.
Taleyin qəribə ironiyası – kişi və qadın qənimi bir arada
1907-ci ildə burada üzümçülüyün inkişafı ilə əlaqədar şərab zavodunun əsası qoyulur. Həmin zavodda Klara Setkin adında zəhmətkeş qadın işləyib ki, bəzi tarixçilər bunu sadəcə ad-soyad oxşarlığı kimi təqdim edirlər. Bəziləri isə onun 8 Mart Beynəlxalq Qadinlar günü ideasının müəlifi, qadın hüquqlarının müdafiəçisi məşhur feminist Klara Setkin olduğunu deyirlər. Setkin Azərbaycana həqiqətən də gəlib, amma Şəmkirə yox, Bakıya, zəhmətkeş qadınların klubuna dəvət olunub. Amma oradan Şəmkirə gedərək yerli alman ailələri ilə tanış olma faktı da danılmır.
Taleyin qəribə ironiyasına bax, qadınların qənimi Bəhram Gurla, kişilərin qənimi Klara Setkinin yolları bir şəhərdə kəsişib.
Şəmkir toponiminin mənasına gəlincə orta əsr ərəb və fars mənbələrində bu ad Şəmkür kimi göstərilib.
1924-cü ildə İstanbulda çap olunmuş "Müxtəsər Azərbaycan tarixi" kitabında Şəms-Günəş, Kür-Tapınan, yəni Günəşə sitayiş edənlər yurdu olaraq izah edilir. Dilçi alim Cahangirov isə bu adı "Şamkür", yəni "Kür qırağı" kimi izah edib. Qədim Şəmkir şəhərinin xarabalıqları hazırda Şəmkir çayının (Kürün bir qoludur) sol sahilindədir. Bu körpünün qalıqları indi də qalmaqdadır.
Şəfiqə Şəfa, Bizim.Media





































































































