Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinin bərpası niyə gecikir? - VİDEO

Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinin bərpası niyə gecikir? - VİDEO

Hazırda oxunan: Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinin bərpası niyə gecikir? - VİDEO

630954

Yay təkcə istirahət mövsümü deyil. Bu dövr həm də ilboyu sıx iş qrafiki və müasir həyatın sürətli tempi səbəbindən təxirə salınmış ziyarətlərin gerçəkləşdirildiyi bir zamandır. Məzuniyyətə və tətilə çıxanlar tarixi, incəsənət muzeylərinə, görkəmli şəxsiyyətlərin ev-muzeylərinə baş çəkir, ölkəmizin elm, ədəbiyyat və mədəniyyət tarixində silinməz iz qoymuş insanların irsi ilə yaxından tanış olmaq istəyirlər.  

Bu, həm milli-mədəni irsimizə maraqdan irəli gəlir, həm də böyük şəxsiyyətlərin xatirəsinə göstərilən mənəvi ehtiram və vətəndaşlıq borcunu ifadə edir. Üstəlik, yay mövsümü ölkədə turizmin ən intensiv dövrü hesab olunduğundan muzeylərin əksəriyyəti ziyarətçiləri normal iş rejimində qəbul edir.

Lakin Azərbaycanın böyük şairi Mikayıl Müşfiqin Xızı rayonundakı xatirə muzeyi artıq bir ildən çoxdur ki, ziyarətçilərin üzünə bağlıdır. Səbəb heç də muzeyin paytaxtdan uzaq, hətta infrastruktur və yaşayış massivlərindən kənarda – dağların arasında yerləşməsi deyil. Xalqımızın nakam taleli, ömrünün baharında repressiya qurbanı olmuş şairə sevgisi elə böyükdür ki, onun xatirə muzeyi dağların arasında deyil, başında belə olsa ziyarət olunar.

Bəs elə isə müşfiqsevərlər niyə bu muzeyin bağlı qapısından geri dönürlər?

Əslində bunun səbəbi insan yox, təbiət amili ilə bağlıdır. Belə ki, Xızının Sayadlar kəndində (Müşfiqin ata yurdu, həmin kənddə atasının mülkü və dəyirmanı olub) yerləşən muzeyin bağlı olması yolun sel nəticəsində zədələnməsidir. Hələ ötən ili  aprelində Tıx çayında baş verən güclü sel daşqınları muzeyə aparan yol və ətraf əraziyə ciddi ziyan vurmuşdu. Hazırda da həmin keçid yol təhlükəli olduğu üçün muzey fəaliyyət göstərmir.

Xızının qonaqları ən azından yolüstü muzeyin önündə xatirə şəkillər çəkmək üçün dayananda  iri, sürüşkən  çay daşları ilə zəngin çayı adlamalı olurlar.

Müşfiq ocağının ziyarətçilərə açıq olması isə hələlik gecikir. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən muzeylərin əsaslı təmiri, ekspozisiyalarının bədii tərtibatı, maddi texniki bazasının gücləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır: Xızı rayonu Mikayıl Müşfiq Muzeyinin də 2025-2028-ci illər ərzində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısında yenilənməsi planlaşdırılır. Amma bu üç ildən biri geri qalmış müddətin konkret hansı ili və ayında muzeyin təhvil veriləcəyi ilə bağlı nazirlikdən məlumat ala bilmədik.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO