Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Məhkəmə Departamenti 2026-cı ilin sentyabrından etibarən süni intellekt əsaslı məhkəmə platformasının tətbiqinə başlayacaq.
Bizim.Media xəbər verir ki,deputat Tahir Mirkişili bununla bağlı şəxsi feysbuk hesabında paylaşım edib.
Deputat bildirib ki, 18 aylıq mərhələli tətbiq prosesi nəzərdə tutulan platforma məhkəmə və hüquqi qərarların hazırlanmasına süni intellekt vasitəsilə dəstək verəcək.
Onun sözlərinə görə, sınaq mərhələsində süni intellekt məhkəmə işlərini təhlil edəcək, sənədləri araşdıracaq, hüquqi tədqiqatlar aparacaq və oxşar məhkəmə qərarlarını, yəni presedentləri analiz edəcək.
Tahir Mirkişili vurğulayıb ki, layihədə ən vacib məqam yekun qərarın yenə də hakim tərəfindən verilməsidir:
"Vacib məqam ondan ibarətdir ki, yekun qərarı yenə də hakim verəcək. Süni intellekt isə qərarın hazırlanması üçün hüquqi əsasları, analitik məlumatları və tövsiyələri təqdim edəcək".
Deputatın fikrincə, təşəbbüsün əsas məqsədi məhkəmə proseslərini sürətləndirmək, oxşar işlər üzrə daha ardıcıl yanaşmanı təmin etmək və hakimlərin iş yükünü azaltmaqdır.
T. Mirkişili hesab edir ki, layihə uğurla həyata keçirilərsə, bu, yalnız məhkəmə sistemində deyil, bütövlükdə dövlət idarəçiliyində də süni intellektin tətbiqi baxımından yeni mərhələnin başlanğıcı ola bilər.
Qeyd edək ki, Əbu-Dabi Məhkəmə Departamentinin hazırladığı platforma dünyanın ilk tam inteqrasiya olunmuş süni intellekt əsaslı məhkəmə sistemi kimi təqdim edilir. Rəsmi məlumata görə, sistem iş materiallarının təhlili, hüquqi araşdırmalar, presedentlərin axtarışı və məhkəmə sənədlərinin hazırlanması kimi funksiyaları yerinə yetirəcək.
Bununla yanaşı, bütün qərarlar insan nəzarəti altında yoxlanılacaq və son qərar hakim tərəfindən veriləcək. Platformanın ilk mərhələsinin 2026-cı ilin sentyabrında başlaması, tam tətbiqin isə 18 ay ərzində mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Bizim.Media









































































































