Bu ilin martında Cəlilabadda 15 yaşlı oğlunu ehtiyatsızlıqdan öldürən Səliqə Abdulhüseynovaya hökm oxunub.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə o, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzasına məhkum edilib.
S.Abdulhüseynova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə ittiham olunub.
Xatırladaq ki, hadisə bu il martın 10-da Cəlilabadın Sərhədabad kəndində baş verib.
İttiham aktına görə, evin böyük oğlu olan mərhum 15 yaşlı Mirkamal Abdulhüseynov məşğələdən gələndən sonra anası onu ət doğramağa kömək etməyə çağırıb. Mirkamal da stolun arxasında üzbəüz oturaraq anasına kömək etməyə başlayıb: yeniyetmə sol əli ilə əti tutub ki, anası kəssin.
Özü də sağ əlindəki bıçaqla tutduğu əti kəsməyə başlayıb. Bu zaman onun əlindəki bıçaq anasının əlini kəsib. Qadın həmin an ağrının təsirindən özündən çıxaraq, ehtiyatsızlıqdan əlindəki bıçağı oğlunun sinəsinə doğru uzadıb, onu bir az geri çəkmək istəyib. Amma bədbəxtlikdən bıçaq Mirkamalın sinəsini deşib və uşaq çoxlu qan itirib.
Qadın ərinin qorxusundan əvvəlcə oğlunun yıxılaraq sinəsinə dəmir batdığını desə də sonradan polis şöbəsində hadisəni etiraf edib. Xəstəxanaya aparılan Mirkamalı isə xilas etmək mümkün olmayıb.
Bizim.Media





























































































