Hamiləlik dövründə aparılan müayinələr gələcək valideynlər üçün böyük əhəmiyyət daşıyır. Bu müayinələrin nəticələrinə əsasən bəzən həkimlər dölün fiziki məhdudiyyətlə doğula biləcəyi barədə ailəni məlumatlandırırlar. Belə hallarda rəy bəzən yalnız risk və ehtimal qiymətləndirməsinə əsaslansa da, bəzi hallarda diaqnoz demək olar ki, qəti şəkildə təqdim edilir.
Ancaq tibbdə istisna hallar da mövcuddur.
Elə olur ki, hamiləlik zamanı dölə fiziki məhdudiyyət diaqnozu qoyulsa da, doğuşdan sonra körpənin tam sağlam olduğu müəyyən edilir. Bu isə valideynlər, xüsusilə də ana üçün aylarla davam edən narahatlıq, psixoloji gərginlik və mənəvi sarsıntı ilə nəticələnir. Üstəlik, yanlış diaqnoz ailənin hamiləlik dövründə qəbul etdiyi qərarlara və həyat planlarına da təsir göstərə bilər.
Belə bir vəziyyətdə sual yaranır: həkimin qoyduğu səhv diaqnoz hüquqi baxımdan hansı nəticələr doğurur? Ailənin məruz qaldığı mənəvi zərərə görə həkim və ya tibb müəssisəsi məsuliyyət daşıya bilərmi?
Bizim.Media mövzu ilə bağlı hüquqşünas Pərviz Hacıyevin fikirlərini öyrənib.
Hüquqşünas açıqlayıb ki, əgər həkim səhv diaqnoz qoyubsa, ailənin keçirdiyi stresslə bağlı mənəvi zərər iddiası qaldırıla bilər:
“Belə hallarda cavabdeh təşkilat, tibb müəssisəsi həkimin səhvi üçün məsuliyyət daşıyır. Məhkəmələrdə həmin tibb müəssisələri cavabdeh kimi iştirak edirlər.
Onlar əmək vəzifələrinin icrası zamanı işçinin vurduğu zərəri ödəməyə borcludur. Sonra isə həkimlərinə qarşı iddia qaldıra və ya maaşından tutaraq ödənilən ziyanı tələb edə bilərlər. Bu, maddi tərəflə bağlıdır. Eyni zamanda, dəymiş mənəvi zərərə görə həm Ali məhkəmənin qərarlarında, həm də Mülki Qanunvericilikdə də dəymiş mənəvi zərərə görə iddia qaldırmaq hüququ da öz əksini tapır”.
Pərviz Hacıyev vurğulayıb ki, zərərçəkmiş şəxs iddia qaldırmaq üçün mütləq yanlış diaqnozu əks etdirən sənədləri müalicənin reseptlərini və s.. kimi sənədləri sübut kimi təqdim etməlidir:
“Əgər məsələ yanlış diaqnoz nəticəsində şəxsə dəyən ziyanla, çəkilmiş xərclə bağlıdırsa, ziyançəkən şəxs çəkdiyi xərcləri təsdiq edən sənədləri məhkəməyə təqdim edir, məhkəmə araşdırma etdikdən sonra iddianı təmin edir. Şəxs stress keçirdiyini sübut etməlidir. Məsələn, bununla bağlı hər hansı bir həkimə müraciət edibsə, dərmanlar qəbul edibsə, bunları bildirməlidir. Əlbəttə, yanlış diaqnozla bağlı iddia üçün ekspertiza rəyi olmalıdır. Mənəvi zərərlə bağlı tələb olunan məbləğin miqdarının qanunvericilikdə bir məhdudiyyəti yoxdur.
Ancaq bu ziyanla bağlı məhkəmələrdə böyük vəsait təmin edilmir. Yəni, maksimium 5000-7000 manat civarında məbləğlə mənəvi ziyanlar təmin edilir”.
Nəzrin Mirzəyeva, Bizim.Media
































































































