Əlilliyi olan şəxslər üçün dövlət saytları nə dərəcədə əlçatandır? – Nazirlikdən AÇIQLAMA

Əlilliyi olan şəxslər üçün dövlət saytları nə dərəcədə əlçatandır? – Nazirlikdən AÇIQLAMA

Hazırda oxunan: Əlilliyi olan şəxslər üçün dövlət saytları nə dərəcədə əlçatandır? – Nazirlikdən AÇIQLAMA

624263

Dövlət xidmətlərinin böyük hissəsi artıq rəqəmsallaşıb. Vətəndaşlar sənədlərini, müraciətlərini və bir çox xidmətləri internet üzərindən həyata keçirirlər. Bu imkanlardan hər kəs, xüsusilə də görmə, eşitmə və ya digər əlilliyi olan şəxslər eyni dərəcədə yararlanmalıdır.

Bunun üçün dövlət qurumlarının rəsmi saytları əlilliyi olan şəxslər üçün nəzərdə tutulan beynəlxalq WCAG (Web Content Accessibility Guidelines) standartına cavab verməlidir. Bu standart mətnlərin oxunaqlı olması, şəkillərə izahların əlavə edilməsi, klaviatura ilə istifadə və ekran oxuyucu proqramlarla uyğunluq kimi əlçatanlıq tələblərini müəyyən edir.

Ölkədə daha çox müraciət olunan dövlət qurumlarından biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Maraqlıdır ki, Nazirliyin rəsmi internet saytının əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi məqsədilə hansı tədbirlər həyata keçirilib? Sayt beynəlxalq əlçatanlıq standartlarına (WCAG) uyğunlaşdırılıbmı? Görmə, eşitmə və fiziki məhdudiyyəti olan şəxslərin saytdan rahat istifadə etməsi üçün hansı texniki imkanlar yaradılıb?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirliyin saytında beynəlxalq standartlar nəzərə alınıb.

Qeyd edilib ki, inklüziv cəmiyyətin formalaşdırılması və hər bir vətəndaşın rəqəmsal xidmətlərə bərabər çıxış imkanlarının təmin edilməsi məqsədilə Nazirliyin rəsmi internet saytı (www.sosial.gov.az) da əlilliyi olan şəxslərin rahat istifadəsi üçün beynəlxalq əlçatanlıq standartları nəzərə alınmaqla təkmilləşdirilib:

“Belə ki, saytda görmə məhdudiyyətli istifadəçilər üçün mətn ölçüsünün dəyişdirilməsi, rəng kontrastının tənzimlənməsi, ekran oxuyucu proqramlarla uyğunluq, klaviatura vasitəsilə naviqasiya, şəkillər üçün alternativ mətnlərin (alt text) əlavə edilməsi və digər əlçatanlıq funksiyaları tətbiq olunub. Bununla yanaşı, saytın istifadəsinin daha rahat və intuitiv olması üçün istifadəçi təcrübəsi (UX) prinsiplərinə uyğun optimallaşdırma işləri həyata keçirilib.

Nazirliyin rəsmi internet saytının hazırlanması və təkmilləşdirilməsi zamanı beynəlxalq əlçatanlıq standartı olan Veb Məzmununun Əlçatanlığı Təlimatlarının (WCAG) prinsipləri əsas götürülüb. Nazirlər Kabinetinin Qərarına uyğun olaraq əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqini həyata keçirən müvafiq komissiyanın apardığı qiymətləndirmənin nəticələrinə əsasən, Nazirliyin internet saytının Veb Məzmununun Əlçatanlığı Təlimatlarına (WCAG) uyğunluq səviyyəsinin AA olduğu müəyyən edilib”.

Məlumatda vurğulanıb ki, saytın əlçatanlıq imkanlarının beynəlxalq tələblərə uyğunlaşdırılması və istifadəçi təcrübəsinin daha da yaxşılaşdırılması üçün mütəmadi təkmilləşdirmə işləri aparılır.

“Yaxın gələcəkdə saytda görmə məhdudiyyəti olan istifadəçilər üçün mətnlərin səsləndirilməsi funksionallığının tətbiqi də nəzərdə tutulur” – deyə məlumatda bildirilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO