"8 saat dərs deyən müəllimə 31 saatlıq dərs yükü verə bilmiriksə, ona 1500 manat əməkhaqqı da verə bilmərik."
Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, bir sıra müəllimlərin həftəlik dərs yükünün aşağı olması onların orta aylıq əməkhaqqının da nisbətən az olmasına səbəb olur.
Onun sözlərinə görə, müəllimlərin 12 faizinin həftəlik dərs yükü 8 saat, 39 faizinin 17 saat, 36 faizinin 25 saat, 12 faizinin 31 saat, 1 faizinin isə 34 saatdır.
Nazir vurğulayıb ki, həftədə cəmi 8 saat dərs deyən müəllimə 31 saatlıq dərs yükü vermək mümkün olmadığı kimi, ona 1500 manat əməkhaqqı ödəmək də mümkün deyil. E. Əmrullayev qeyd edib ki, əməkhaqqı fərqləri də bundan qaynaqlanır.
Qeyd edək ki, tədbir bu gün ADA Universiterində baş tutub. Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev tərəfindən müəllimlərin sertifikatlaşdırılması prosesinin 5 illik nəticələri, birinci dövriyyənin yekunu barədə təqdimat edilib.
Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media



































































































