Vətəndaşlara 63 minlik dələduzluq edən şəxsə cəza verildi

Vətəndaşlara 63 minlik dələduzluq edən şəxsə cəza verildi

Hazırda oxunan: Vətəndaşlara 63 minlik dələduzluq edən şəxsə cəza verildi

618579

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüsal Əkbərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, təqsirləndirilən şəxs özünü Təhsil Nazirliyində və digər dövlət qurumlarında, o cümlədən ASAN Xidmət mərkəzlərində yüksək vəzifələrdə çalışan şəxslərlə yaxın münasibətdə olan şəxs kimi təqdim edib. O, həmin əlaqələrdən istifadə etməklə müxtəlif şəxsləri işə düzəldə, müəllim vəzifəsinə bərpa etdirə və ali təhsil müəssisələrinə qəbul etdirə biləcəyini bildirərək vətəndaşların etimadını qazanıb.

Cinayət işi materiallarına əsasən, Vüsal Əkbərov ilk olaraq zərərçəkmiş şəxs S.S.-in (adı, soyadı şərtidir) qızının Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən ASAN Xidmət mərkəzlərindən birində işlə təmin olunacağı barədə vəd verib. O, bu məqsədlə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsdən bank kartına köçürmələr və nağd şəkildə olmaqla ümumilikdə 9 000 manat pul alıb. Lakin sonradan verdiyi vədi yerinə yetirməyərək həmin vəsaiti mənimsəyib.

Araşdırmalar zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs analoji üsulla digər zərərçəkmiş D.D.-ni (adı, soyadı şərtidir) də aldadıb. Belə ki, o, zərərçəkmiş şəxsi Bakı şəhərinin Nərimanov rayonunda yerləşən tam orta məktəblərdən birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyini bildirib. Bu məqsədlə müxtəlif tarixlərdə bank köçürmələri və nağd ödənişlər şəklində ümumilikdə 15 000 manat alıb. Lakin həmin şəxsə də vəd etdiyi iş yerini təmin etməyib və aldığı vəsaiti geri qaytarmayıb.

İttihamda göstərilir ki, Vüsal Əkbərov başqa bir zərərçəkmiş şəxsin – T.T-nin (adı, soyadı şərtidir) isə oğlunu Azərbaycan İdman Akademiyasına məşqçi ixtisası üzrə tələbə qəbul etdirəcəyinə inandırıb. O, bu məqsədlə müxtəlif vaxtlarda ümumilikdə 12 000 manat pul alıb. Pul vəsaitinin bir hissəsi bank kartına köçürülüb, digər hissəsi isə nağd şəkildə təqdim olunub. Sonradan məlum olub ki, verilən vədlərin heç biri reallaşdırılmayıb.

Məhkəmə materiallarına əsasən, Vüsal Əkbərov Ağdam rayon sakini olan digər zərərçəkmiş R.R.-i (adı, soyadı şərtidir) də eyni üsulla yaxınlaşıb. O, həmin şəxsin Ağdam rayonunda yerləşən məktəblərdən birində ingilis dili müəllimi vəzifəsinə bərpa olunmasına kömək edəcəyini bildirib. Bunun müqabilində iki hissə şəklində ümumilikdə 12 000 manat pul alıb. Lakin sonradan vədin yerinə yetirilmədiyi müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs daha bir zərərçəkmiş şəxsi – Y.Y-ni (adı, soyadı şərtidir) Cəlilabad rayonunda yerləşən məktəblərdən birində riyaziyyat müəllimi vəzifəsinə bərpa etdirəcəyinə dair vəd verərək aldadıb. O, bu məqsədlə zərərçəkmiş şəxsdən iki hissə ilə ümumilikdə 15 000 manat alıb. Lakin həmin şəxsə də vəd edilən nəticə əldə olunmayıb.

İstintaq orqanının qənaətinə görə, təqsirləndirilən şəxs müxtəlif şəxslərə dövlət qurumlarında və təhsil müəssisələrində yüksək vəzifəli tanışlarının olduğunu bildirərək onların etibarını qazanıb, sonradan isə həmin şəxslərin işə qəbul, vəzifəyə bərpa və ya ali məktəbə qəbul olunacağı barədə yalan vədlər verərək pul vəsaitlərini ələ keçirib.

Beləliklə, Vüsal Əkbərovun hərəkətləri nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 63 000 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.

Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib. O, ifadəsində zərərçəkmiş şəxslərdən bəzilərini 2025-ci ildən tanıdığını, onların müxtəlif iş və təhsil məsələləri ilə bağlı kömək istədiklərini deyib..

Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın bəzi hissələri ilə razılaşmadığını bildirsə də, məhkəmə araşdırmaları zamanı zərərçəkmiş şəxslərin ifadələri, bank əməliyyatları, pul köçürmələri barədə sənədlər, şahid ifadələri və digər sübutlar tədqiq olunub.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni təkrar törədilməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə ittihamı irəli sürülüb. (Pravda.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO