Milli Məclisdə 18 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə dair qaydalar hazırlanıb. Belə ki, müzakirəyə çıxarılan qanun layihəsinə görə, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə yol verilməyəcək. Həmçinin, 16-18 yaş arası uşağın qanuni nümayəndəsindən fərdi rəqəmsal hesabın yaradılmasına dair razılıq alınacaq. Layihədə bunun mexanizmləri də öz əksini tapıb. Qanun dərc olunduğu gündən bir il sonra qüvvəyə minəcək.
Qanun layihəsinin müzakirəsi və gələcəkdə tətbiqi ilə bağlı bir sıra suallar yaranıb. Hazırda sosial şəbəkələrdə böyüklərlə yanaşı milyonlarla izləyicisi olan, uşaq kontenti yaradan uşaq profilləri mövcuddur. Geniş izləyici kütləsi olan, biznesə çevrilən bu profillərin bəziləri valideynlər, bəziləri isə uşaqların özləri tərəfindən idarə olunur.
Bəs bu cür profillərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında deputat Azər Allahverənov deyib ki, qanun layihəsi eyni zamanda konkret olaraq bu sosial platformalarda qeydiyyat məsələlərini nəzərdə tutur və 16 yaşdan aşağı olan şəxslərin sosial şəbəkələrdə qeydiyyata alınması artıq mümkün olmayacaq.
Milli Məclisin üzvü bildirib ki, aidiyyəti struktur 16 yaşdan aşağı şəxslərin qeydiyyatdan keçə bilməyəcəyi platformaların siyahısını hazırlayacaq:
“Bu siyahıda yer almış platformalarda qeydiyyat məsələsi qanun layihəsi qəbul olunduqdan sonra qadağan ediləcək. Qanun layihəsi qəbul olunduqdan bir il, yəni 12 ay sonra qüvvəyə minəcək. Qanun qüvvəyə mindikdə sosial platformalarda qeydiyyatı olan 16 yaşı tamam olmamış uşaqların hesabları avtomatik olaraq bağlanacaq. Yəni qanun qüvvəyə mindiyi zaman 16 yaşa qədər olan şəxsin istifadə etdiyi platforma aidiyyəti struktur tərəfindən müəyyən olunmuş siyahıda yer alıbsa, bu uşağın həmin platformaya daxil olması, həmin hesabdan istifadə etməsi artıq mümkün olmayacaq”.
Deputat vurğulayıb ki, qanunvericiliyə əsasən, 16-18 yaş aralığında olan şəxslər üçün həmin platformalarda qeydiyyat valideyn və ya şəxsin hüquqi qəyyumu tərəfindən tənzimlənərək həyata keçirilə biləcək:
“16-18 yaş dövrü müəyyən mənada keçid mərhələsi kimi də qiymətləndirilə bilər. Çünki 18 yaşdan sonra şəxs artıq tam sərbəst olur. Yəni 16 yaşa qədər uşaqların mümkün risklərdən və müəyyən təhlükələrdən uzaq qalması məqsədilə qadağan olunacaq platformalara girişləri məhdudlaşdırılır. Bundan sonrakı mərhələdə isə sosial platformalarda qeydiyyat valideyn nəzarəti altında həyata keçirilir. Daha sonra, 18 yaş tamam olduqda şəxs artıq sərbəst şəkildə həmin platformalardan yetkin insan kimi istifadə edə bilər”.
O qeyd edib ki, uşaqların özlərinin və ya valideynlərinin uşaq kontentində yaratdığı və istifadə etdiyi milyonlarla izləyicisi olan profillər var:
“Təbii ki, bu məsələ də müəyyən mənada araşdırılacaq. Çünki əgər uşaq profilləri uşaqların özləri tərəfindən yaradılırsa, həmin məhdudiyyətlər onlara da tətbiq olunacaq. Yox, əgər bu profillər valideynlər tərəfindən yaradılırsa və qeydiyyat valideynin adına aparılırsa, o zaman burada hər hansı məhdudiyyət tətbiq etmək mümkün olmayacaq.
Yeni qanun layihəsi ilə bağlı çoxsaylı suallar yaranır və düşünürəm ki, qanun layihəsi Milli Məclis tərəfindən qəbul edildikdən sonra onun qüvvəyə minməsi üçün nəzərdə tutulan 12 aylıq müddət ərzində ortaya çıxa biləcək məsələlərlə bağlı aidiyyəti qurumlar tərəfindən konkret cavablar veriləcək.
Burada ən vacib məsələlərdən biri qanunun icrası və bunun üçün tələb olunan mexanizmlərin daha təkmil formada qurulmasıdır. Bu əsasda mümkün müdafiə sistemlərinin işə salınması ilə nəticələnəcək. Xüsusilə vurğulamaq lazımdır ki, söhbət uşaqların rəqəmsal asılılıqdan uzaq tutulması və onların rəqəmsal təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan qanun layihəsindən gedir.
Qanun layihəsi bir tərəfdən uşaqlarla bağlı məsələləri nəzərdə tutursa, digər tərəfdən bu xidmətləri təqdim edən platforma və provayderlərin məsuliyyətini də dəqiq şəkildə müəyyənləşdirir.
Eyni zamanda burada əsas məqamlardan biri valideynlərin, ailə üzvlərinin və yaşca böyük şəxslərin bu prosesdə iştirakının təmin edilməsidir. Xüsusilə nəzarət mexanizmlərinin formalaşdırılması baxımından onların fəallığını nəzərdə tutan mühüm qanun layihəsidir”.
Günay Şahmar, Bizim.Media


































































































