Kənd təsərrüfatında zəhərli kimyəvilərə alternativ gəlir: Nə ilə əvəzlənəcək?

Kənd təsərrüfatında zəhərli kimyəvilərə alternativ gəlir: Nə ilə əvəzlənəcək?

Hazırda oxunan: Kənd təsərrüfatında zəhərli kimyəvilərə alternativ gəlir: Nə ilə əvəzlənəcək?

636061

Kənd təsərrüfatında istehsal olunan qidanın təhlükəsizliyi günümüzdə mühüm məsələyə çevrilib. Xüsusilə zərərvericilərə qarşı mübarizədə zəhərli kimyəvi pestisidlərdən bol istifadə və onun yaratdığı fəsadlar vətəndaşların ən çox narahat olduğu məsələlərdəndir.

Ümumiyyətlə pestisid bəlası bütün dünyada narazılıq yaratdığı üçün onun minimuma endirilməsi, daha təhlükəsiz və ekoloji məhsulların tətbiqi gündəmdədir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu meyvələrin qabığını yemək olarmı?


Mövzunun aktuallığı Azərbaycanda qida təhlükəsizliyi siyasətində də öz əksini tapır. Belə ki, Prezident İlham Əliyevin  ötən gün imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sənəddə qida təhlükəsizliyinin gücləndirilməsi, heyvan və bitki sağlamlığı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik tələblərinin artırılması və müasir texnologiyaların tətbiqi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Sərəncamdakı əsas öhdəliklərdən biri zəhərli kimyəvi maddələrin kənd təsərrüfatında istifadəsinin azaldılması və alternativ bioloji üsulların tətbiqidir.

Bioloji üsullar dedikdə konkret nə nəzərdə tutulur? Kimyəvi pestisidlərdən tamamilə imtina etmək mümkündürmü?

Kənd Təsərrüfatı üzrə mütəxəssis Akif Əliyev Bizim.Media-ya mövzu ilə əlaqədar açıqlamasında bildirdi ki, kimyəvi pestisidlərdən tamamilə imtina bəzi orqanik təsərrüfatlarda mümkündür, amma bütün kənd təsərrüfatı üçün bunu tətbiq etmək hazırda real deyil. Daha doğru yanaşma kimyəvi pestisidləri minimuma endirmək və bioloji vasitələrdən istifadə etməkdir.

“Əgər geniş yayılmış xəstəlik və ya zərərverici məhsulu ciddi təhlükə altına qoyursa, yalnız bioloji üsulla mübarizə kifayət etməz. Digər tərəfdən, “bioloji” sözünün özü tamamilə zərərsiz demək deyil. Bioloji vasitələr də düzgün qaydalara uyğun tətbiq edilməlidir. Amma kimyəvi vasitələrlə müdaxilə sırf lazım olduqda və mümkün az riskli vasitələrlə aparılsa, düşünürəm ki, elə də təhlükəli olmaz”.

Bəs bioloji üsullar nədir? Bura ənənəvi gübrə də daxildirmi?

A.Əliyev diqqətə çatdırdı ki, “bioloji üsullar” zərərvericilərə, xəstəliklərə qarşı canlı orqanizmlərdən və ya onların təbii məhsullarından istifadəni nəzərdə tutur:
 

“Faydalı həşəratlar var: parabüzənlər, yırtıcı gənələr, və s. zərərvericiləri məhv edir. Sonra bitki xəstəliklərinə qarşı göbələklərdən və digər mikroorqanizmlərdən hazırlanmış preparatlar tətbiq edilir. Konkret olaraq gübrəyə gəldikdə isə bu, kənd təsərrüfatında istifadə olunan vasitədir, amma onu birbaşa bioloji mübarizə üsulu adlandırmaq düzgün deyil. Gübrə əsasən torpağın münbitliyinin artırılması üçündür. Onun zərərvericilərə qarşı elə də təsiri yoxdur”.


Mütəxəssis bir vacib məqamı da diqqətə çatdırdı ki, təzə peyini birbaşa sahəyə tökmək olmaz. Torpaqda patogenlər, alaq toxumları və azot itkisi yarada bilər. Ona görə də adətən düzgün qurudululmuş peyin daha məqsədəuyğundur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO