Hər il olduğu kimi, bu il də söz adamları və şeirsevərlərin iştirakı ilə ənənəvi Şairlər Günü qeyd edilib.
Bizim.Media Poeziyamızın nakam taleli nümayəndəsi – Mikayıl Müşfiqin doğum gününə həsr olunmuş bu gündə şairin əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda bu münasibətlə təşkil olunan tədbirdə qurumun mətbuat katibi, şair Xəyal Rza qeyd edib ki, artıq 16-cı ildir ki, iyunun 5-i, məhz Mikayıl Müşfiqin doğum günündə Şairlər günü keçirilir, repressiya illərinin qurbanlarından olan şairin xatirəsinə Xəzərin sularına qərənfillər səpilir.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Birliyin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, sədr müavini, şair Rəşad Məcid, yazıçı Seyran Səxavət, Türkiyənin tanınmış şairi Esat Kabaklı, ədəbi tənqidçi Əsəd Cahangir, şair-publisist Həmid Herişçi çıxış edərək poeziyanın cəmiyyət həyatında yerindən, söz sənətinin mənəvi dünyamızdakı rolundan bəhs ediblər.
Xalq yazıçısı Anar bu gün həm də görkəmli şair Vaqif Səmədoğlunun doğum gününə təsadüf etdiyini diqqətə çatdırıb.
Mərasimdə Vaqif Səmədoğlunun da xatirəsi hörmətlə anılıb.
Şairlər Günü münasibətilə bir araya gələn söz adamları öz yaradıcılıqlarından nümunələr səsləndirdilər, poeziyanın gücünü və gözəlliyini bir daha nümayiş etdiriblər.
Tədbirdə həmçinin may ayında keçirilmiş VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilində, fəaliyyətində, eləcə də işıqlandırılmasında fəallıq göstərən qurumlar və şəxslər xüsusi sertifikatlarla təltif olunublar.
Təltif olunanlar arasında festivalın informasiya dəstəkçisi olan Bizim.Media xəbər portalı da yer alıb.
Sonda isə bir qrup şair və ədəbiyyatsevər Xəzər sahilinə yollanıb. Əllərində qırmızı qərənfillər, dillərində isə Müşfiqin misraları ilə sahilə toplaşıblar. Sakit dalğaların qoynuna atılan qərənfillər təkcə Mikayıl Müşfiqin deyil, taleyi yarımçıq qalmış bütün Azərbaycan şairlərinin xatirəsinə ehtiramın ifadəsi idi...
Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media































































































