“Azərbaycan son illərdə kibertəhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlər nəticəsində beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.
Rasim Əliquliyev bildirib ki, beynəlxalq kibertəhlükəsizlik indekslərinin nəticələrinə əsasən, Azərbaycan son üç il ərzində ciddi irəliləyiş nümayiş etdirib və qlobal reytinqlərdə ön sıralara yüksəlib.
R.Əliquliyev bu nailiyyətləri ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, müasir normativ-hüquqi bazanın formalaşdırılması, müvafiq qurumların fəaliyyətinin gücləndirilməsi və insan kapitalına yatırılan investisiyalarla əlaqələndirib.
AMEA-nın vitse-prezident qeyd edib ki, beynəlxalq göstəricilərdə əldə olunan uğurlar Azərbaycanın kibertəhlükəsizlik sahəsində regional liderlik mövqeyinin möhkəmlənməsinə xidmət edir və gələcək inkişaf üçün əlavə imkanlar yaradır.
Bizim.Media


































































































