İctimai məkanlarda, xüsusən metroda, avtobusda və ya küçədə davranışları fərqli görünən insanlarla rastlaşa bilərik. Bəzən bu insanların idrak funksiyaları zəif, qavrayışla bağlı isə çətinlikləri olur və onların davranışları ətrafdakılar tərəfindən normal qarşılanmır.
İctimai yerlərdə psixi sağlamlıq problemi olan insanlarla necə davranmaq lazım olduğu çox vaxt müzakirə mövzusuna çevrilir. Bu, həm etik, həm də sosial baxımdan ciddi yanaşma tələb edən məsələdir.
Bəs belə hallarda cəmiyyətin reaksiyası necə olmalıdır?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan psixiatr Orxan İsgəndərovun sözlərinə görə, bəzi psixi vəziyyətlərdə insanın emosional və davranış reaksiyaları standart olmaya bilər:
“İctimai yerlərdə psixi sağlamlıq problemi yaşayan insanlarla, xüsusən uşaqlarla qarşılaşmaq bəzən insanlar üçün çətin və anlaşılmaz görünə bilir. Ancaq burada vacib məqam davranışın arxasında nə olduğunu düzgün görməkdir. Biz qrip olan insan asqıranda onu qınamırıq. Astması olan insan nəfəs darlığı yaşayanda “özünü ələ al” demirik. Şəkəri düşən insana əsəbiləşmirik. Çünki bilirik ki, bunlar klinik vəziyyətin əlamətləridir.
Psixi sağlamlıq problemlərində də bəzi davranışlar məhz klinik vəziyyətin görünən simptomları ola bilər. Autizmli uşaq səs və işıq yüklənməsinə görə qışqıra bilər, diqqət əksikliyi və hiperaktivlik pozuntusu olan uşaq impulsiv davrana bilər və ya təşviş yaşayan insan panik reaksiyası verə bilər.
Bizə adi gələn səs, işıq və sıxlıq autizmli uşaq üçün dözülməz ola bilir. Bu sanki sağlam insanın yanğın siqnalı çalan otaqda qalmasına bənzəyir. Belə anda yaşanan emosional partlayış çox vaxt “ərköyünlük” yox, yüklənmə vəziyyətidir.
Bu vəziyyətdə insanlar nə edə bilər?
Psixiatr bu məsələyə də fikir bildirib:
“Baxışla təzyiq yaratmaya bilərlər. Bəzən ən böyük dəstək “normal davranmaqdır”. Çünki, insanlar uzun-uzadı baxanda vəziyyət daha da pisləşə bilir. Xüsusən valideyn artıq stres altındadır. Hər psixi vəziyyətdə yaxınlaşıb toxunmaq, sakitləşdirməyə çalışmaq doğru deyil.
Bəzi insanlar üçün bu, təhlükə siqnalı kimi hiss olunur. Ona görə şəxsi sahəni qorumaq, səsi və tonu azaltmaq tövsiyə olunur. Gərgin insana yüksək tonla “sakit ol!” demək, panik vəziyyətdə olan adama “panik etmə!” demək kimidir. Heç bir faydası yoxdur.
Yardım təklif edərkən konkret olmaq daha məqsədəuyğundur. “Kömək lazımdır?” yerinə daha konkret dəstəklər, məsələn “yer verim?” , “qapını saxlayım?” və s. kimi ifadələr faydalı olar”.
Psixiatr qeyd edib ki, valideyni və ya müşayiət edən şəxsi mühakimə etmək dəstək olmaq deyil. Çünki, kənardan görünən 2 dəqiqəlik görüntünün arxasında bəzən illərlə davam edən mübarizə olur.
Xədicə Paşayeva, Bizim.Media





































































































