40 ildir lildən təmizlənməyən Əyriçay su anbarı hər an TƏHLÜKƏ yaradır - FOTOLAR

40 ildir lildən təmizlənməyən Əyriçay su anbarı hər an TƏHLÜKƏ yaradır - FOTOLAR

Hazırda oxunan: 40 ildir lildən təmizlənməyən Əyriçay su anbarı hər an TƏHLÜKƏ yaradır - FOTOLAR

614984

Şəki rayon ərazisində yerləşən Əyriçay su anbarı həcminə görə Şəmkir və Viləşçay su tutarlarından sonra ən iri, bölgədə isə ilk böyük layihə sayılır. İnşaası iki mərhələdə nəzərdə tutulsa da, ancaq birincisi tamamlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, günümüzdə sututarlara nə qədər ehtiyac yarandığı hər kəsə bəllidir.

Eyni zamanda, Şəki və Qax rayonlarında dəmyə, suvarılmayan min hektarlarla torpaqlar var ki, fermerlər ondan səmərəli istifadə edə bilmir. Digər tərəfdən, su anbarının lil qatı heç vaxt təmizlənmədiyindən o qədər yüklənib ki, yaz və payız aylarında yaxınlıqdakı kəndlərə və təsərrüfatlara zərər vurur. Bu halda Əyriçay su anbarının ikinci mərhələsinin bərpası gündəmə gəlir.
 

Ölkəmizdə su ehtiyatlarının yaradılması istiqamətində həyata keçirilən bu layihənin əsas məqsədi Şəki və Qax rayonlarında əkin sahələrinin suvarılmasını təmin etməkdir. Anbar rayonun Qudula, Babaratma, Qaradağlı və Küdürlü kəndlərinin 1200 hektar ərazisini əhatə edir. Lakin… Əyriçay su anbarının ümumi su tutumu 30 milyon kubmetrdən yuxarıdır. Bu anbar üç müxtəlif dağ çaylarından qidalanır ki, onların da hər biri yüksək səviyyədə lil gətirmə qabiliyyətinə malikdir.


Mütəxəssislər bildirir ki, anbar fəaliyyətə başlayan ildən indiyə kimi heç zaman onun lil qatı təmizlənməyib. Bu səbəbdən, hazırda anbarın ümumi su tutumu heç 3 milyon kubmetrə belə çatmır. Yaz və payız aylarında sel daşqınları zamanı çayların gətirdiyi lil qatı ətraf ərazilərə də xeyli ziyan vurur. Bu səbəbdən Qaradağlı, Babaratma və Qudula kəndlərinin əkin sahələri, əhalinin fərdi təsərrüfatı, evlər hər zaman sel təhlükəsi ilə qarşı-qarşıya qalır.

Qeyd etdiyimiz kimi anbarın qidalandığı dağ çaylarının gətirdiyi lil qatı çoxaldığından suların axmasında ciddi problemlər yaradır. Bu isə ilk növbədə ətrafda yaşayan kənd sakinlərinin mal-mülkünə ciddi zərər vurur.

Qudula kənd sakini Əbülfəz Muradov illər əvvəl su anbarına yaxın yerdə ev inşa edib, təsərrüfat yaradıb. Lakin 2023-cü ildən başlayaraq anbarda baş verən daşqınlar onun mülkünü tam yararsız vəziyyətə salıb ki, artıq yaşamaq mümkün deyil.

“Kəndin girəcəyində yaşayırdım. Evim də 3 otaqlı, hamam, hər şeyim vardı: mal damı, qoyun damı, təndir, ocaqlıq. Yeni bünövrə qoymuşdum. Hamısını su gəlib bir günün içində basdı. Ondan sonra ailəmlə kəndin başqa bir tərəfində ev kirayələmişik”, - Əbülfəz Muradov deyir.
 

Kəndin su anbarına yaxın digər təsərrüfatlarında da belə hallar müşahidə olunmaqdadır. Zərərçəkən sakinlərin sözlərinə görə ərazidən köçürülmələri barədə etdikləri müraciətə əsasən, müvafiq orqan və təşkilatların nümayəndələri kəndlərə baxış keçirib, hər bir detal qeydə alınıb. Lakin hələlik heç bir nəticə yoxdur.


Sahənin mütəxəssisləri bildirir ki, su anbarı Şin, Kiş və Əyriçaydan qidalanır və ilkin hesablamalara görə il ərazində buraya 1 milyon 300 min kubmetr həcmində lil yığılır. Bu isə anbarın faydalılıq həcmini kifayət qədər azaldır. Anbarda suyun səviyyəsinin artırılması üçün yaxınlıqdakı iki kənd köçürülsə, onun su tutarlılığını iki dəfə artırmaq və bununla da 18 min hektara yaxın ərazini suvarma suyu ilə təmin etmək mümkündür. Bu isə ilk növbədə bölgədə bostan-tərəvəz, istərsə də ərzaq təhlükəsizliyinə müsbət təsir edəcək.  

Layihənin ikinci mərhələsi ilə bağlı ilkin hazırlıq işləri görülüb. Maliyyə vəsaitinin ayrılması gözlənilir. Bu məsələ həll olan kimi ərazidə sakinlərin köçürülməsi ilə yanaşı lil qatının təmizlənməsi proseslərinə də start veriləcək.



















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO