Quba Soyqırımı Memorial Kompleksi ətrafında müasir tələblərə cavab verən istirahət parkı və yaşıllıq zolağı salınacaq.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji Texnologiyalar və Ölçü-Layihə şöbəsinin müdiri, tanınmış tarixçi alim Qəhrəman Ağayev Bizim.Media-ya açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, təşəbbüs Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov tərəfindən irəli sürülüb. Başçının 6 may 2026-cı il tarixli sərəncamına əsasən, memorial kompleksin qarşısındakı avtomobil dayanacağının sağ tərəfində istirahət parkının salınması nəzərdə tutulur.
Bu məqsədlə Quba Rayon İcra Hakimiyyəti tərəfindən Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı Xidmətinə rəsmi müraciət edilib. Müraciətdən sonra qurumun rəhbəri Səbinə Hacıyeva tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna rəsmi məktub göndərilərək, mütəxəssislərin əraziyə baxış keçirməsi xahiş olunub.
Qəhrəman Ağayev bildirib ki, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilib və parkın salınacağı sahənin əvvəllər aşkarlanan kütləvi məzarlıq ərazisinə aid olmadığı müəyyənləşdirilib:
“2007-ci il aprelin 7-dən 2008-ci ilin sentyabrın 7-dək burada arxeoloji qazıntılar aparmışıq. Tədqiqatlar zamanı erməni vandalizminin əyani sübutları aşkar olunub və 1918-ci ildə Quba qəzasında azərbaycanlılara qarşı kütləvi soyqırımı törədildiyi elmi faktlarla təsdiqlənib. Ümumilikdə 494 kvadratmetr ərazidə qazıntı işləri aparılıb. Bununla yanaşı, gələcəkdə beynəlxalq təşkilatlara sübut kimi təqdim etmək məqsədilə 20 kvadratmetr sahə toxunulmaz saxlanılıb”.
Alim əlavə edib ki, planlaşdırılan park və yaşıllıq zolağı həmin qorunan sahəyə daxil deyil və burada insan qəbirləri aşkarlanmayıb. Bununla bağlı aidiyyəti qurumlara rəsmi arayış təqdim olunacaq.
Rəsmi rəylər tamamlandıqdan sonra Quba Soyqırımı Memorial Kompleksi ətrafında müasir standartlara uyğun istirahət parkının salınmasına başlanılacaq. Layihənin məqsədi kompleksə gələn yerli və xarici turistlərin, həmçinin ziyarətçilərin rahatlığını təmin etməkdir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


































































































