Hava ilə bağlı vacib PROQNOZ – Qarşıdakı üç ayda bizi nələr gözləyir?

Hava ilə bağlı vacib PROQNOZ – Qarşıdakı üç ayda bizi nələr gözləyir?

Hazırda oxunan: Hava ilə bağlı vacib PROQNOZ – Qarşıdakı üç ayda bizi nələr gözləyir?

614029

Ani yağıntılar və temperatur dəyişiklikləri qarşıdakı aylarda daha sərt istilərin yaşana biləcəyi ehtimalını gündəmə gətirib. Güclü yağışlar kəskin istilərin xəbərçisi kimi dəyərləndirilir.

Yay aylarında hava ilə bağlı ən real ssenari nədir? Bizi dəhşətli istilərin gözlədiyi haqda iddialar nə dərəcədə əsaslıdır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan ekoloq Cəmşid Bəxtiyarın sözlərinə görə, güclü yaz yağışları avtomatik olaraq “çox dəhşətli yay gəlir” mənasına gəlmir:

“Yəni bunu belə yozmaq doğru yanaşma deyil. Atmosferdə bu cür sadə və birbaşa qayda yoxdur. Amma bəzi hallarda yaz mövsümündəki qeyri-sabit hava yayda daha ekstremal hava ehtimalının artdığını göstərə bilər. Burada bir neçə fərqli məqam var. Əvvəlcə nəzərə almaq lazımdır ki, hava hadisələri ilə iqlim tendensiyası fərqli anlayışlardır. Bir neçə həftə davam edən intensiv yağış hava hadisəsidir, bu, iqlim tendensiyası sayılmır. 

Uzunmüddətli istiləşmə və rekord temperaturların daha tez-tez müşahidə olunması isə artıq iqlim tendensiyasıdır. Yəni may ayının yağıntılı keçməsi iyul və avqustun rekord istilərlə keçəcəyini sübut edən bir “anons” deyil. Amma qlobal istiləşmə səbəbindən ümumi fon artıq daha istidir. Buna görə də əvvəllər adi hesab olunan istilər indi daha asanlıqla ekstremal həddə çata bilir”.

Ekspert bildirib ki, yazda torpaq və atmosfer çox enerji toplayır, rütubət artır, atmosfer qeyri-sabitləşir:

“Daha sonra subtropik yüksək təzyiq sistemi güclənəndə hava “kilidlənir”. Bu halda əvvəl leysan yağışlar, sonra isə uzunmüddətli boğucu istilər yarana bilər. Amma bu, mütləq ssenari deyil. Regionumuz üçün daha real iqlim ssenarisi isə belə görünür: Azərbaycan və ümumilikdə Cənubi Qafqazda son illərdə daha uzun isti dalğaları müşahidə olunur, gecələr əvvəlkindən daha isti keçir, quraqlıq riski artır. Son illərin təcrübəsi də göstərir ki, yay mövsümünün quraq keçmə ehtimalı yüksəkdir.

Bəzi günlərdə isə yüksək rütubətlə birlikdə daha ağır hiss olunan istilər yaşana bilər.

Ən real ssenari tamamilə “fəlakət filmi” deyil, amma normadan bir qədər isti və bir neçə ciddi isti dalğasının yaşandığı yaydır. “Dəhşətli istilər gəlir” fikri isə tam əsaslı sayılmaz. Burada əsas problem iki məsələdir: sosial şəbəkələrdəki şişirtmələr və uzunmüddətli proqnozların yanlış başa düşülməsi.

Məsələn, mövsümi proqnozlarda “orta temperatur normadan 1–2 dərəcə yuxarı ola bilər” deyildikdə, bu, hər gün 45–50 dərəcə isti olacağı anlamına gəlmir. Amma həmin 1–2 dərəcə fərq isti dalğalarının sayını, müddətini və gecələrin boğuculuğunu əhəmiyyətli dərəcədə artıra bilər. Ən vacib məqam isə budur: iqlim dəyişikliyi hava hadisələrini daha kəskin edir. Yağış yağanda daha intensiv yağır, istilər gələndə isə daha uzun davam edə bilir. Yəni iqlim dəyişikliyi dedikdə, öyrəşdiyimiz iqlim şəraitinin artıq fərqli və daha sərt formada özünü göstərməsi nəzərdə tutulur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO