Gəlinini qətlə yetirən şəxs: “O, uşaqlarının qayğısına qalmırdı” - TƏFƏRRÜAT

Gəlinini qətlə yetirən şəxs: “O, uşaqlarının qayğısına qalmırdı” - TƏFƏRRÜAT

Hazırda oxunan: Gəlinini qətlə yetirən şəxs: “O, uşaqlarının qayğısına qalmırdı” - TƏFƏRRÜAT

613801

Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işinin bəzi detalları məlum olub.

Bizim.Media xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, 1959-cu il təvəllüdlü Ağanəbi Əliyev 33 yaşlı gəlini Dürdanə Əliyevanı qəsdən öldürüb.

İş materiallarında göstərilib ki, hadisədən əvvəl ailə daxilində tərəflər arasında münasibətlər uzun müddət gərgin olub. Təqsirləndirilən şəxs gəlini Dürdanə Əliyevanın azyaşlı övladlarının qayğısına kifayət qədər qalmadığını, tez-tez qohumlarının evinə getdiyini bildirərək ona dəfələrlə irad tutub. Bu səbəbdən ailə-məişət zəminində aralarında davamlı narazılıqlar və mübahisələr yaranıb.
 

2025-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsində yerləşən fərdi yaşayış evində növbəti dəfə tərəflər arasında mübahisə baş verib. Belə ki, Dürdanə Əliyevanın yenidən evdən çıxaraq qohumlarının evinə getmək istəməsi Ağanəbi Əliyevin etirazına səbəb olub. Mübahisə zamanı gəlininin onunla kobud danışdığı və onu evdən qovduğu iddia olunur.


İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxs bu davranışı özünə qarşı hörmətsizlik kimi qəbul edib və şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə gəlinini öldürmək qərarına gəlib. O, yaşadığı evdən mətbəx bıçağı götürərək eyni həyətdə yerləşən Dürdanənin yaşadığı evə daxil olub. Daha sonra qadına yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi endirib və boyun nahiyəsini kəsib.

Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin bədənində müxtəlif xarakterli xəsarətlər aşkarlanıb.

Bunlara qarının sol hissəsi və sol ayağın arxa səthində sıyrıqlar, sağ əl nahiyəsində iki, döş qəfəsinin sağ və sol hissələrində, həmçinin qarın nahiyəsində çoxsaylı deşilmiş-kəsilmiş yaralar daxil olub. Ekspertiza ilə müəyyən edilib ki, qadının ölümünə boyun nahiyəsində yerləşən əsas damarların və əzələlərin tam kəsilməsi nəticəsində baş vermiş güclü qanaxma səbəb olub.

Məhkəmə iclasında ifadə verən Ağanəbi Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O söyləyib ki, gəlini ilə münasibətləri uzun müddətdir gərgin olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, Dürdanə Əliyevanın onunla kobud davrandığını, nalayiq ifadələr işlətdiyini və uşaqlarla sərt rəftar etdiyini iddia edib.
 

Ağanəbi Əliyev məhkəmədə bildirib ki, mərhum 10 il onun gəlini olub və ailədə üç azyaşlı uşaq böyüyüb. Təqsirləndirilən şəxs qeyd dib ki, oğlu anadangəlmə əlil olub və ailədə baş verən hadisələrə reaksiya verməyib. O, gəlini ilə bağlı narazılıqlarını oğluna dəfələrlə bildirdiyini, lakin vəziyyətin dəyişmədiyini deyib.


Ağanəbi Əliyev ifadəsində vurğulayıb ki, hadisə günü gəlininin qapısını döyərək onunla danışmaq istədiyini, lakin qarşı tərəfdən təhqiramiz ifadələr eşitdiyini bildirib. Onun sözlərinə görə, həmin an əsəblərinə hakim ola bilməyib. Təqsirləndirilən şəxs qadına bir neçə dəfə bıçaq zərbəsi vurduğunu, daha sonra isə boğazını kəsdiyini etiraf edib.

O, hadisə zamanı evdə başqa şəxslərin olmadığını, uşaqların yaxın qohumların evində olduğunu söyləyib.

Ağanəbi Əliyevin sözlərinə görə, hadisədən sonra əvvəlcə qızının yaşadığı ünvana gedərək törətdiyi əməl barədə ailə üzvlərinə məlumat verib, daha sonra digər oğlunun işlədiyi yerə baş çəkib və sonda polis bölməsinə gedərək könüllü təslim olub.

Məhkəmədə çıxışı zamanı Ağanəbi Əliyev əməlindən peşman olduğunu deyərək, ailədə uzun müddət davam edən gərginliyin və mübahisələrin bu faciə ilə nəticələndiyini bildirib. O, hadisə anında özündə olmadığını, bıçaq zərbələrini hara vurduğunu tam xatırlamadığını da ifadəsində qeyd edib.

Qeyd: Ağanəbi Əliyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Hökmə əsasən o, 9 il azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO