Qanunvericilikdə açıq şəkildə qadağan edilməsinə baxmayaraq, azyaşlıların tütün məhsullarından istifadəsi hələ də aktual problem olaraq qalır. Küçələrdə, hətta məktəb həyətlərində siqaret çəkən yeniyetmələrə tez-tez rast gəlinir.
Bunlar böyük marketlərdən tutmuş kiçik dükanlara qədər müxtəlif satış yerlərində qeyd olunan qadağanın pozulmasının nəticəsidir. Məktəblilərin siqaret və digər tütün məmulatlarından istifadəsi cəmiyyətdə narahatlıq yaradır və bu məhsulların necə və haradan əldə edilməsi sualını gündəmə gətirir.
Satıcılar qanuna niyə əməl etmir və ümumiyyətlə qanunvericilikdə bu qayda pozuntusuna görə hansı cəza nəzərdə tutulub?
Hüquqşünas Ruslan Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, təcrübəsində yetkinlik yaşına çatmayan şəxsə siqaret satdığına görə hansısa marketin və ya satıcının cərimə edilməsinə rast gəlinməyib:
“Təəssüflər olsun ki, bəzi hallarda yetkinlik yaşına çatmayan uşaqların tütün məhsullarından istifadə etməsinin şahidi oluruq. Təbii olaraq onlar tütün məhsullarından istifadə edirlərsə, bunu hardansa əldə etmiş olurlar. Bəzi hallarda onlar yoldan keçən şəxslərdən siqaret verməsini xahiş edirlər. Özüm də dəfələrlə müşahidə etmişəm ki, siqareti istəyənin azyaşlı olmasını görən şəxslər onu verməkdən imtina edirlər. Amma təəssüflər olsun ki, bəzi marketlərdə bu qaydaya riayət olunmur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllisinin tələblərinə əsasən 18 yaşı tamam olmamış şəxslərə tütün məhsullarının və spirtli içkilərin satılması qadağandır. Buna görə 100 manat cərimə nəzərdə tutulub. Praktikamda bu günə qədər hansısa marketin və ya satıcının bu maddə ilə cərimə edilməsinin şahidi olmamışam. Mən düşünürəm ki, bunun səbəblərindən biri cərimə məbləğinin aşağı olmasıdır”.
Hüquqşünasın qeyd etdiyi cərimə məbləğinin – 100 manatın, bir çox hallarda satıcıların azyaşlılara tütün satışından əldə etdiyi qısamüddətli qazancdan aşağı olması, bu cərimənin praktik effektliyini sual altına alır ki, bəzi satıcılar cərimə məbləğini nəzərə alıb satışa davam edə bilər.
Ruslan Mustafayev cərimənin artırılması məsələsinə də toxunub. O, deyib ki, son dövlərdə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr kifayət qədər artırılıb
“Düşünürəm ki, bu hallar da nəzərə alınacaq və yetkinlik yaşına çatmayan şəxslərə siqaretin və alkoqollu içkilərin satılmasını qadağan edən maddədə cərimələrin məbləği qaldırılacaq. Bu məbləğlər qaldırıldıqdan sonra artıq marketlər və satıcılar o məhsulu satmamışdan əvvəl 2-3 dəfə düşünməli olacaqlar”.
İqtisadçı Natiq Cəfərlinin fikrincə, cərimənin artırılması satıcıların yetkinlik yaşına çatmayan uşaqlara siqaret satmasının qarşısını alan bir faktora çevrilə bilər:
“Satış həcmini nəzərə alsaq və bu cərimə tez-tez tətbiq olunacaqsa açığı 100 manat da kiçik bir məbləğ deyil. Ancaq çox güman ki, bunun iki dəfə artırılması gündəmə gələ bilər. Dünya ölkələrinin də təcrübəsində görürük ki, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışında çox ciddi cərimələr var. Azərbaycan reallığında nəzərə alsaq ki, minimum əməkhaqqı 400 manatdır, cəriməni bunun yarısı qədər təyin etmək olar. Çox güman ki, 100 manatın 200 manata qaldırılması mümkündür. Bu çəkindirici bir rol oynaya bilər.
Bəs, cərimənin artırılması gözlənilirmi? Hüquqşünas Ruslan Mustafayev bu barədə açqılama verdi:
“Son dövlərdə inzibati xətalar məcəlləsində nəzərdə tutulan cərimələr kifayət qədər artırılmışdır. Düşünürəm ki, bu hallar da nəzərə alınacaq və yetkinlik yaşına çatmayan şəxslərə siqaretin və alkoqollu içkilərin satılmasını qadağan edən maddədə cərimələrin məbləği qaldırılacaq. Bu məbləğlər qaldırıldıqdan sonra artıq marketlər və satıcılar o məhsulu satmamışdan əvvəl 2-3 dəfə düşünməli olacaqlar”.
Xədicə Paşayeva



































































































