Bu il mart ayının sonu və aprelin əvvəli Qusarda müşahdə edilən güclü yağışlar rayonda təkcə magistral və kənd yollarında problem yaratmayıb. Güclü sel rayonun kəndlərində sakinlərin əkin, tərəvəz sahələrini də yuyub aparıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusarın Aşağı Ləyər kəndində 6 fermerin təsərrüfat sahələrini sel dağıdıb. Kənd sakini Dair Tahirovun məlumatına görə kəndin ərazisində 7 hektar əkin, 5 hektar bağ, 50 sot kartof sahəsini sel aparıb, sahələri lil basıb.
Kəndin ərazisindəki Yaşıl bağ adlanan massivdə də 30 hektar bağı lil qarışıq su basıb. Bu səbəbdən təsərrüfat sahələrinə gedən yollar da dağılıb.
Məlumata görə Qusar FHK-sı tərəfindən əraziyə yolların təmizlənib düzəlməsi üçün texnika göndərilib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





































































































