Görünməyən cəbhələrin səssiz qəhrəmanları var – onların adı çox zaman çəkilmir, lakin gördükləri işlərlə tarix yazılır. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) üçün sədaqət sadəcə söz deyil, həyatın mənasıdır. “Mənim sədaqətim, mənim şərəfimdir” devizi onların hər addımında yaşayır.
Aprelin 30-u ölkəmizin müdafiə qüvvələri sırasında özünəməxsus yeri olan XTQ-nin yaradılması günüdür.
Bizim.Media xəbər verir ki, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradılıb.
XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun həmin bölmələri Türkiyə Silahlı Qüvvələri və onun XTQ-si ilə sıx əməkdaşlıqla formalaşdırılıb.
Bu yola yalnız seçilmişlər addım ata bilir
Xüsusi təyinatlı olmaq hər kəsin taleyinə yazılan bir qismət deyil. Bu sıraya hər addım atan deyil, yalnız sınanıb möhkəmlənənlər daxil olurlar. Hər kəs bu zirvəyə qalxa bilməz, bu, yalnız iradəsi ilə seçilənlərin yoludur.
XTQ-nin üzvü olmaq üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi vacib şərtlərdəndir. Həmin qüvvələrin üzvlərinə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.
Tarixi Zəfərin anonsunu verdilər
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev XTQ-yə yüksək diqqət yetirir. Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə Amerika Birləşmiş Ştatları, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər.
Müxtəlif hərbi əməliyyatları uğurla tamamlamış XTQ-nin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində peşəkarlığı ilə sanki dörd il sonra əldə ediləcək tarixi Zəfərin anonsunu veriblər.
Vətən müharibəsində isə Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazan XTQ mənsubları ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynayıblar. Peşəkarlıqla bərabər, burada fədakarlıq, ölümün üzərinə şığıma həlledici amillərdəndir.
XTQ mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar.
Azərbaycan XTQ-si dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silah, döyüş vasitələri və texnikaya malikdir. Müharibədənsonrakı dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir.
İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən XTQ təkmilləşdirilir, xüsusi təyinatlı yeni qüvvələr yaradılır.
Olmayan yerdə yol açdılar
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev XTQ-nin yaradılmasının 23-cü ildönümü münasibətilə 2022-ci il aprelin 30-da Müdafiə Nazirliyinin XTQ-sinin “N” saylı hərbi hissəsində olarkən deyib:
“Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik.
Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi. Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz yarımçıq qalacaq.
Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim Qarabağın tacı olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz...”.
Sədaqət və gücün səssiz nümayişi
Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.
XTQ-nin, o cümlədən müxtəlif qoşun növlərinin xüsusi təyinatlılarından ibarət parad heyətləri Azadlıq meydanında qürurla irəlilədilər. Hər addımda güc və iradə hiss olunurdu. Baxışlarında qətiyyət, duruşlarında şərəf var idi. O keçid yalnız bir yürüş deyildi, sədaqət və gücün səssiz, lakin unudulmaz nümayişi idi.
Xüsusi təyinatlı olmaq sadəcə peşə deyil, bu, həyat yoludur. Bu yolda addımlayan hər kəsi təbrik edir, uğurlar arzulayırıq. Əzminiz, cəsarətiniz və Vətənə bağlılığınız hər zaman qürur mənbəyidir. Qoy gücünüz, iradəniz və qətiyyətiniz daim sizə yol göstərsin! (Azərtac)








Bizim.Media








































































































