Kifayət qədər yatmaq sağlamlıq üçün nə qədər əhəmiyyətlidirsə, həddindən artıq yatmaq da bir o qədər zərərli ola bilər.
Bizim.Media "Sabah"a istinadən xəbər verir ki, ABŞ-ın Kolumbiya Universitetinin apardığı və "Nature" jurnalında dərc olunan yeni bir araşdırmada sağlamlıq üçün "qızıl yuxu intervalı" müəyyən edilib.
Araşdırma üçün təxminən 500 min könüllünün iştirakı ilə bir tədqiqat aparılıb. Məlumatlardan istifadə edilərək hər bir orqanın hansı sürətlə qocaldığı ölçülüb. Nəticələr həm həddindən artıq, həm də qeyri-kafi yuxunun beyin, ürək və immunitet sistemi daxil olmaqla, demək olar ki, bütün bədəni qocaltdığını göstərib. 6-7 saatlıq keyfiyyətli yuxunun ən ideal interval olduğu müəyyən edilib.
Ekspertlər keyfiyyətli yuxu üçün yataq otağını sərin, sakit və qaranlıq saxlamağın vacibliyini vurğulayıblar. Telefon istifadəsinin də erkən saatlarda dayandırılmalı olduğu bildirilib.
Araşdırmada qadınların kişilərlə müqayisədə gecələr orta hesabla 15 dəqiqə daha çox yatmalı olduğu qeyd edilir.
Alimlər bu fərqin hormonlar və fizioloji amillərdən qaynaqlandığını dilə gətiriblər. Kifayət qədər yuxunun qadınlarda hormon balansına müsbət təsir göstərdiyi və gün ərzində özlərini daha xoşbəxt hiss etdikləri ortaya çıxıb. Bəzi araşdırmalar isə yuxunun depressiyadan qoruduğunu da göstərib.
Bizim.Media


































































































