Hər il minlərlə uşaq əqli gerilik də daxil olmaqla müxtəlif inkişaf ləngimələri ilə dünyaya gəlir. Bəzən bu vəziyyət doğuşdan aylar, hətta illər sonra üzə çıxır. Halbuki mütəxəssislərin fikrincə, bəzi problemlər hələ ana bətnində formalaşır, səbəblər genetik, infeksion və hamiləlik dövründə yaranan faktorlarla bağlı ola bilər. Bütün bunlar isə vacib bir sualı ortaya çıxarır.
Əqli geriliyi hamiləlik dövründə müəyyən etmək və qarşısını almaq mümkündürmü? Ümumiyyətlə, əqli gerilik nədir və hansı səbəblərdən yaranır?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Aytən İsmayılzadə bildirib ki, əqli gerilik həm genetik faktorlarla bağlı ola, həm də sonradan yarana bilər:
“Uşaqlarda əqli gerilik bir əlamətdir və adətən altında yatan səbəbi olur. Bu, özü xüsusi xəstəlik şəklində ola bilir. Uşaqda mikrosefaliya (beynin ölçüsünün normadan kiçik olması), yaxud əksinə hidrosefaliya (beynin ölçüsünün normadan böyük olması) varsa, artıq əqli gerilik ola bilər. Beyində olan mədəciklərin genişlənməsi, beynin sıxılması və funksiyaların normal inkişaf etməməsi nəticəsində əqli gerilik formalaşır. Bəzən də ölçüsündə hər hansı dəyişiklik olmasa da funksional olaraq beyin işini yerinə yetirə bilmir.
Hamiləlik dövründə keçirilən infeksiyalar ya da genetik faktorlar da səbəb ola bilər. Bundan başqa uşaqda körpə vaxtında sarılığın ensefalopatiyası, hər hansı səviyyədə beyin zədələnməsi yaranıbsa, əqli gerilik formalaşır. Doğuş prosesi də burada rol oynayır. Bu proses çox çətin keçibsə və uşaq asfiksiyaya yaxud beyni ağır hipoksiyaya məruz qalıbsa, hüceyrələr zədələnir. Bu halda gələcəkdə əqli gerilik olacağına ehtimal yaranır. Ümumilikdə səbəbsiz əqli gerilik olmur”.
Uşaqda anadangəlmə əqli gerilik hallarının olmasını hamiləlik dövründən aşkarlamaq mümkündürmü?
A.İsmayılzadənin sözlərinə görə, beynin ölçüsündə olan dəyişikliklərə görə bu halları müəyyən etmək olar:
“Hamiləlik zamanı hidrosefaliya yaxud mikrosefaliya görülürsə, buna qərar verilə bilər. Doğuşdan sonra isə yüksək səviyyədə ağır dərəcəli ensefalopatiya görülürsə, bu zaman gələcəkdə əqli gerilik yaranacağını ehtimal etmək olar.
Ancaq bunlar olmadığı təqdirdə də uşaqda bəzən əqli gerilik görülür. Bu da genetik səbəblərə, xromosom problemlərinə bağlı olan gen mutasiyalarına bağlı ola bilir. Hansı ki, biz hamiləlik zamanı onu heç bir analizlə görə bilmirik. Yalnız uşaq inkişaf etdikcə, onun sosial bacarıqlarını dəyərləndirdikcə, bunu görə bilirik”.
Bəs, hamiləlik dövründə bu hal müşahidə olunarsa, hər hansı müalicə üsulları ilə əqli geriliyin qarşısını almaq olarmı?
Pediatr bu məsələ ilə bağlı qeyd edib ki, prenatal (doğuşdan öncə) dövrdə müalicə mümkün deyil. Sonradan realibitasiya ilə müəyyən bacarıqlar əldə etmək olar. Hamiləlik dövründə isə infeksiyaya qarşı profilaktik tədbir görmək lazımdır.
Xədicə Paşayeva, Bizim.Media





































































































