Səhər saatlarından başlayaraq sammitdə iştirak edəcək dünya ölkələrin liderləri tədbirin keçiriləcəyi Sankt-Peterburqa toplaşıblar. Burada əsas müzakirə mövzusunun Suriyaya hərbi müdaxilə ilə bağlı olacağı bildirilir. Bu səbəbdən də əsas diqqət mərkəzində iki güclü dövlət başçıları Barak Obama və Vladimir Putin olacaq. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın zirvə toplantısında dünya liderlərinə Suriyaya hərbi müdaxiləyə dəstək verməsi ilə bağlı çıxışının olacağı gözlənilir.
Bu arada, BMT və Ərəb ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Lahdar Brahimi Böyük İyirmiliyin sammitində iştirak etmək üçün təcili olaraq Sankt-Peterburqa yola düşüb. Bu barədə BMT nümayəndəsi məlumat verib. Lahdar Brahiminin tezliklə Suriyaya dair ikinci Cenevrə konfransının çağırılmasına nail olmaq istədiyi bildirilir. İki gün davam edəcək sammitdə Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun da çıxış edəcək. Onunda məhs Suriya məsələsi ilə bağlı çıxışının olacağı gözlənilir. Böyük iyirmilik ölkələrinin liderləri sammitində ilk dəfə kiril deyil, ingilis əlifbası ilə əyləşdiriləcəklər. Bununla da Suriya məsələsində fikir ayrılığı olan və sammitdən əvvəl Moskvada Putinlə təkbətək görüşləri təxirə salan Barak Obama ilə Rusiya prezidenti bir-birindən 5 kürsü aralı əyləşəcək. Artıq sammitlə bağlı şəhərdə bütün təhlükəsizlik tədbirləri görülüb. İki gün müddətində sammitin keçirildiyi ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılib.
Qeyd edək ki, Böyük İyirmilik dünyanın iqtisadi nəhəng ölkələri , eləcə də Avropa birliyi daxildir. Böyük İyirmiliyin formalaşdırılmasına isə 1999-cu ildə qərar verilsə də, onun indiki formatda başlanğıcı 2008-ci il hesab edilir.



























































































