“Ümumiyyətlə, bizim toy estetikamıza yenidən baxılmalı və format dəyişilməlidir”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov adət-ənənələrimiz haqda danışarkən deyib. Xalq artisti əxlaqsızlığı təbliğ edən şəxslərin də ciddi şəkildə cəzalandırılmasının tərəfdarı olduğunu bildirib:
“Bir az bu xalqı, vətəni sevmək, vətəndaş olmaq lazımdır. Dünyanın hər yerində normal xalqlar öz ayıblarına sığal çəkirlər, ört-basdır edirlər, gözə soxmurlar. Amma bizdə hər şey əksinədir, sanki bunu qəsdən edirlər. Yadınızdadırsa, üç çılpaq qızın videosunu çəkmişdilər. Onu çəkənlərə demək istəyirəm ki, nə əxlaqsızlıq eləmisiniz qaldı ikinci planda, bunu bəs çəkib ictimailəşdirmək nə deməkdir? Bunu edən erməni yox, adını kişi qoyan özümüzünkülərdir. Belə adamları edam edib xalqa göstərmək lazımdır. Cəza üsulu olmalıdır. İnsanda Allah, dövlət, xalq, ictimai qınaq qorxusu olmalıdır.xa0
Bu gün bölgələrimizdə gedib toylarımızı çəkib efirə verirlər. Bunu edənlərə yüksək məbləğdə pul və hələ pay da verirlər. Belə olanda da toyun gözəl adətlərini kənara qoyub eybəcər şeyləri təbliğ edirlər. Bizim böyük xalqımız olub. Amma indi baxıb deyirəm ki, İlahi, bizim daşımızı kim çevirdi? Belə məsələləri aradan qaldırmaq təkcə dövlət səviyyəsində həll edilən məsələ deyil, eyni zamanda hər bir rayonun, kəndin ağsaqqal və ağbirçəkləri də bu məsələlərə öz iradını bildirməlidir. Ümumiyyətlə, bizim toy estetikamıza yenidən baxılmalı və format dəyişilməlidir”.
Xalq artisti müğənni Rüfət Axundovun efirdəki hadisəsinə də münasibət bildirib:
“Allah Yaşar Nurinin ruhunu şad eləsin. O, bizim böyük sənətkarımız idi. Rüfət Axundov Yaşar Nurinin doğma bacısı oğludur. Rüfət Axundova demək lazımdır ki, sən o səviyyəyə layiq olmaya-olmaya gəlib çıxmısan. Hamı da bilir ki, sənin elə bir nə sənətin, nə ifan, nə də səsin var. Heç olmazsa yerini, həddini bil. Əgər Rüfət Axundov belə söz deməyibsə, niyə cəzalandırılır? Məsəl var deyir ki, “Görünən kəndə bələdçi lazım deyil”. Rüfət Axundov dediyi nalayiq ifadələrə görə xalqdan üzrxahlıq etməlidir. Xalq da onu bağışlasın. Bunun əksinə olaraq bunlar hələ dirəniş göstərirlər. AzTV-də Bədii Şura yaradıblar və onlar ancaq öz kanallarına nəzarət edəcəklər. Düşünürəm ki, dövlət səviyyəsində Bədii Şura yaradılmalıdır ki, bütün kanallara nəzarət etsin”.
Vasif Əlihüseyn
































































































