Jurnalistika, yoxsa QAÇAQMALÇILIQ? – Qərbin “Toplum TV” manipulyasiyasının PƏRDƏARXASI

Jurnalistika, yoxsa QAÇAQMALÇILIQ? – Qərbin “Toplum TV” manipulyasiyasının PƏRDƏARXASI

Hazırda oxunan: Jurnalistika, yoxsa QAÇAQMALÇILIQ? – Qərbin “Toplum TV” manipulyasiyasının PƏRDƏARXASI

183849

Pul çox şey deməkdir, amma pul hər şey deyil. Pulun aça bilmədiyi qapı və aşa bilmədiyi divarlar da var. Çox təəssüf ki, bəziləri pulu hər şeyin açarı zənn edir, çoxlu pul əldə etmək üçün bütün vasitələrə əl atırlar. Belə vəziyyətdə isə ən təəccüb doğuran məqam odur ki, əyri və oğurluq yolu ilə pul qazananlar daha çox haqdan və ədalətdən dəm vururlar.

Bu gün kifayət qədər jurnalist tanıyırıq ki, sosial qayğıların içində çabalayır, amma onlar nə əqidələrini, nə də ki, qələmlərini pula satmırlar. Yeri gələndə də öz sözlərini deyir, iradlarını bildirirlər. Haqlı irad qarşısında isə heç kim onları mühakimə etmir.

Lakin bəziləri jurnalistikanı əyri yolla pul qazanmaq üçün bir platforma olaraq görürlər. Belələri jurnalist adından istifadə edərək həm pul qazanır, həm də xalqın və dövlətin əleyhinə kampaniya aparır. Yəni onlar jurnalist olduqlarına görə yox, xarici kəşfiyyat orqanları ilə əməkdaşlığa görə pul alırlar. Xarici təşkilat və institutlar bəllidir ki, heç kimə pulu elə belə vermir. Pul ödədiyi hər kəsin qarşısında konkret şərt və tapşırıqlar qoyur. Yəni bu gün xaricdən qrant alan heç bir jurnalist iddia edə bilməz ki, o həqiqəti yazdığı üçün ona pul ödəyirlər.

Pulu konkret məqsədlər üçün verirlər.

Təsadüfi deyil ki, bu cür “jurnalistlər” ifşa olunanda da yerli cameədən qabaq xarici təşkilat və institutlar, hətta dövlətlər “narahat olur”, hay-küy salırlar. Biz bunu dəfələrlə görmüşük. Sonuncu dəfə isə “Toplum TV”-nin bəzi əməkdaşlarının saxlanılması zamanı buna şahidlik etdik. Qərbin maraqlı dairələri açıq şəkildə “toplumçular”ın müdafiəsinə qalxdı. Hətta məsələni kontekstən də çıxardılar. Guya ki, bəziləri jurnalist fəaliyyətlərinə görə saxlanılıblar. Amma həmin dövlətlər və təşkilatlar nədənsə cinayət işinin motivinə və ittiham aktına baxmadılar.

Halbuki, ittiham aktında “toplumçular”ın sırf iqtisadi cinayətkarlığa görə saxlanıldığı deyilir və sübut olunur. İttiham aktından aydın olur ki, bəzi “jurnalistlər” xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstəriblər. Hazırda bu iş üzrə saxlanılan şəxslər müxtəlif beynəlxalq donor təşkilatlarının qrant layihələrindən pul əldə ediblər.

Qrant pulları haradan gəlir?

Bu təşkilatların arasında Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", "People in Need", “Zinc Network”, “Open İnformation Partnership”, “Transitions”, “OC Media” və digərləri var.

Məlum olub ki, həmin təşkilatlardan ayrı-ayrı layihələr adı altında külli miqdarda qeyri-qanuni maliyyə vəsaiti cəlb olunub. Bu vəsaitlər həm xarici ölkələrdə nağdlaşdırılaraq müxtəlif yollarla ölkəyə gətirilib, həm də ölkə daxilində bəzi bank hesabları vasitəsilə nağdlaşdırılıb.

Şəbəkə formasında həyata keçirilən bu proses zamanı qanunvericilik pozularaq, layihələrin heç biri Ədliyyə Nazirliyində qeydiyyata salınmayıb. Layihələr üzrə verilən vəsaitlər isə hissələrə bölünərək, Azərbaycan, Gürcüstan və bəzi Avropa ölkələrindəki banklar üzərindən köçürülüb.

Göründüyü kimi, saxlanılanlar jurnalist fəaliyyətlərinə görə yox, beynəlxalq maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulması ilə məşğul olduqları üçün həbs olunublar. Hər bir ölkənin siyasi və iqtisadi sabitliyi həmin ölkənin maliyyə dayanıqlığından keçir. Əgər kimsə hansısa ölkənin maliyyə sektoruna müdaxilə edirsə, bu artıq cinayətdir və bu prosesdə iştirak edən ixtiyari şəxs qanun qarşısında cavab verməlidir.

Azərbaycan dövləti də məhz bunu edir. Yəni Azərbaycanın müvafiq qurumlarının həyata keçirdikləri təhlükəsizlik tədbirlərində qanunazidd heç nə yoxdur. Amma xarici ölkələrin müvafiq institut və təşkilatlarının bu məsələyə reaksiyası beynəlxalq hüquqa və Azərbaycan qanunlarına ziddir.

Onlar əslində kimlərdir?

Məsələn, Demokratik Təşəbbüslər İnstitutunun təsisçisi rəhbəri Akif Qurbanov xarici təşkilatlardan qrantlar əldə etmək üçün müvafiq sənədlər hazırlayaraq təqdim edib. O, eyni zamanda, “III Respublika Platforması”nın təsisçisi və spikeridir.

Ələsgər Məmmədlinin hüquqi təsisçisi olduğu “Toplum TV”-nin redaksiyası da Demokratik Təşəbbüslər İnstitutunun ofisində fəaliyyət göstərir. Beləliklə, “Toplum TV”-nin Demokratik Təşəbbüslər İnstitutu ilə koordinasiyası təmin edilib.

Araşdırmalardan aydın olur ki, məhz Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov 2021-ci ildən 2024-cü ilədək hər ay yuxarıda qeyd olunan təşkilatlardan pul vəsaitləri əldə edib. Əli Zeynalov bu vəsaitləri əldə etmək üçün müxtəlif xarici və yerli banklarda açdığı hesablardan yararlanıb. Əldə olunmuş vəsait isə “Toplum TV”-yə, əməkdaşlara və hələlik məlum olmayan digər məqsədlərə sərf olunub.

Faktlardan aydın görünür ki, saxlanılanların hamısının çirkli maliyyə əməliyyatlarında əli var. Hələ onu demirik ki, bu pullar həmin adamlara bəxşiş kimi yox, konkret məqsədlər üçün verilib. Məqsədsə o olub ki, bu adamların əli ilə Azərbaycandakı ictimai-siyasi sabitlik pozulsun, vətəndaş qarşıdurması törədilsin.

Qərb nədən naratdır?

Azərbaycanın xüsusi xidmət orqanları təkcə maliyyə fırıldaqçılarını üzə çıxarmayıb, həm də bəzi ölkələrin agentura şəbəkəsini ifşa edib. Bax, Qərbi narahat edən məqamlardan biri, bəlkə də birincisi budur. Sabah və ya ertəsi gün açıq məhkəmədə saxlanılan adamlar hansı dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini söyləyəcək. Bundan təşvişə düşən xarici qüvvələr “qara məni basınca, mən qaranı basım” prinsipi ilə hərəkət edirlər.

Qərbin Azərbaycanda jurnalistlərdən alət kimi istifadə etməsi isə yeni məsələ deyil. Zaman-zaman belə faktlar ifşa olunub. Məsələn Xədicə İsmayıl bir zamanlar məhz qanunsuz əməllərinə görə həbs olunmuşdu. Sonradan Azərbaycan dövləti humanizm prinsiplərinə söykənərək onu cəzasının xeyli hissəsindən azad etdi və sərbəst buraxdı. Amma qrantın dadını görmüş Xədicə İsmayıl yenə də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Qaranlıq və şübhəli təşkilatlardan qarant alır.

Belə jurnalistlər bir məsələni unudurlar ki, Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd olan istənilən addımın qarşısı qətiyyətlə alınacaq. Azərbaycanda şəxslər dediyi sözə görə yox, etdiyi əmələ görə sorğulanır. Əgər bu gün kimsə nəyisə tənqid edir, irad bildirirsə, ilk öncə dönüb özünə baxmalıdır. Özünü aynada əyri görənlər cəmiyyətimizdə əyrilik axtarmamalıdırlar. ÇünkiAzərbaycan dövlətini və xalqını sevməyən xarici qüvvələrin pulu ilə oturub duranların aqibəti bəllidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO