BİZİM TƏQVİM: 25 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 25 yanvarda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 25 yanvarda baş vermiş tarixi hadisələr

174929

2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunub. O gündən Azərbaycan Respublikası həmin nüfuzlu qurum qarşısında götürdüyü öhdəliklərini uğurla yerinə yetirir.

Təşkilatın ən fəal üzvlərindən olan Azərbaycan Respublikasının Avropa Şurasının tədbirlərində qazandığı ən böyük uğurlardan biri Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına nail olmasıdır.

Bəs, 25 yanvarda dünyada daha hansı hadisələr baş verib?

1. Böyük Səlcuq imperiyasının hökmdarı Toğrul bəy 1058-ci ilin 25 yanvarında xəlifə tərəfindən qılınc bağışlanaraq "Şərqin və Qərbin hökmdarı" elan edildi.

2. İlk türkcə lüğət olan "Divani-Lüğəti-Türk" Mahmud Qaşqarlı tərəfindən 25 yanvar 1072-ci ildən yazılmağa başlandı. İki ilə tamamlanan lüğət ümumtürk mədəniyyətinin ən mühüm yazılı əsərləri arasında yer alır. 

3. 25 yanvar 1554-cü ildə Braziliyada San Paulu şəhərinin əsası qoyulub.

4. 25 yanvar 1908-ci ildə Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” operası Bakıda ilk dəfə səhnələşdirilir.

5. 25 yanvar 1924-cü ildə 16 ölkənin 200 atletinin iştirakı ilə Fransada ilk Qış Olimpiya Oyunları başlayıb.

6. 1965-ci ilin bu günündə SSRİ Hərbi Hava Qüvvələrinə məxsus An-8 hərbi-nəqliyyat təyyarəsi Azərbaycanda qəzaya uğrayıb.

7. Afrika qitəsinin ən qəddar diktatoru İdi Amin 1971-ci ilin 25 yanvarında etdiyi hərbi çevrilişlə dövlət başçısı Milton Obeteni devirdi və Uqanda hökumətinin başçısı oldu. İqtidarda qaldığı 1979-cu ilə qədər Uqandadakı qırğınlarla adı hallanan İdi Amin Tanzaniyaya elan etdiyi müharibədə uduzunca aprelin 13-də ölkədən qaçaraq Liviya, İraq və sonra isə Səudiyyə Ərəbistanına sığındı, 2003-cü ildə 78 yaşında öldü.  

8. 1988-ci ilin bu günündən erməni separatçılarının etnik təmizləmə siyasətinin ilk dalğası nəticəsində minlərlə azərbaycanlı doğma yurdlarını tərk etməyə məcbur oldu. Lakin o vaxtkı Azərbaycan rəhbərliyi bu fakta laqeyd münasibət bəsləyərək seyrçi mövqe tutdu. Nəticədə sonralar Ermənistan ərazisindəki bütün azərbaycanlılar tarixi vətənlərindən didərgin düşdülər.

25 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanın məşhur milyonçusu və dünyaşöhrətli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1823-cü ilin bu günü anadan olub.  Gənclik illərində bənna işləyən, 59 yaşından (1872) isə artıq sahibkar adı ilə tanınan Hacı Zeynalabdin qısa müddətdə xeyriyyəçi tədbirlərilə şöhrət tapıb.

O, 1900-cü ildən toxuculuq fabriki, milli teatr binası inşa etdirib, məktəb və mədəni-maarif cəmiyyətlərinin açılması, milli kadrların hazırlanmasına xeyli vəsait sərf edib, “Xəzər manifaktura cəmiyyəti” (1911) və “Tağıyev balıq sənayesi səhmdar cəmiyyəti”ni (1916) qurub.

Məlumata görə, 1917-ci ilin sonlarına yaxın onun kapitalı təxminən 30 milyona çatıb. Hacı Zeynalabdin Tağıyev sağlığında ən yüksək titul və rütbələr, orden və medallarla təltif olunub. (1838-1924)

2. Azərbaycanın görkəmli hüquqşünaslarından biri, ilk hüquq professoru olan Mustafa Vəkilov 1899-cu il 25 yanvarda Tiflisdə dünyaya gəlib. Gürcüstanın paytaxtında kişi gimnaziyasını bitirdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin oradakı nümayəndəliyində tərcüməçi işləyib. Parlamentin xüsusi qərarına əsasən təhsilini davam etdirmək üçün Paris Universitetinə göndərilən Mustafa Vəkilov bu ali məktəbi bitirdikdən sonra hüquq magistri elmi dərəcəsini alıb.

1924-1937-ci illərdə ədliyyə orqanları və ali məktəblərdə çalışıb, eyni zamanda, elmi tədqiqat və tərcümə işi ilə məşğul olub. Ailə hüququ, hüquq və əxlaq mövzularında əsərlər, həmçinin mülki hüquq haqqında dərslik yazıb.

Mustafa Vəkilov 1937-ci ildə “Əks-inqilabi millətçi təşkilatın üzvü” ittihamı ilə həbs olunaraq sürgünə göndərilib və 1943-cü ildə 44 yaşında sürgündə dünyasını dəyişib (1899-1943).

3. 25 yanvar 1984-cü ildə görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru,  Azərbaycan SSR xalq artisti Məmmədrza Şeyxzamanov vəfat edib. 

4. Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əsədov 25 yanvar 1992-ci ildə qəhrəmancasına şəhid olub. 

5. 25 yanvar 1978-ci ildə Ukrayna prezidenti Volodimir Zelenski anadan olub.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO