Yazıçılar Birliyinin Poliklinikasından hansı yazarlar istifadə edirlər? – Rəsmi AÇIQLAMA 

Yazıçılar Birliyinin Poliklinikasından hansı yazarlar istifadə edirlər? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Yazıçılar Birliyinin Poliklinikasından hansı yazarlar istifadə edirlər? – Rəsmi AÇIQLAMA 

168050

Bakıda Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə və onların ailələrinə xidmət göstərən Yazıçılar poliklinikası fəaliyyət göstərir. Sovet dönəmində yaradılan və sonradan Səhiyyə Nazirliyinə aid olan tibb müəssisəsi 2021-ci ildə Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirlib. Hazırda sözügedən müəssisə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərkibinə daxildir.

Azərbaycan Yazıçılar Birliyi və digər yaradıcı təşkilatların üzvlərinə güzəştli tibbi xidmət göstərən poliklinika daha çox AYB-nin xəstəxanası kimi tanınıb.

Bildiyimiz kimi, bütün yazıçılar AYB-nin üzvü deyil. Dəfələrlə qurum ətrafında müəyyən qalmaqallar yaşanıb. Bəzi şair və yazıçılar AYB-nin tərkibindən ya çıxarılıb, ya da könüllü şəkildə üzvlükdən imtina ediblər.

Belə olduqda sual yaranır, poliklinikanın xidmətindən istifadə etmək üçün mütləq Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq lazımdır? Hansı yazarlar tibb müəssisəsindən müayinə və müalicə üçün yararlana bilər? 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Seyran Səxavət Bizim.Media-ya açıqlamasında bir neçə ildir həmin poliklinikaya getmədiyini deyib. O, buna səbəb kimi yaşayış yerinin dəyişdiyini göstərib:

“Əvvəllər həmişə, mütəmadi olaraq ora gedib gəlmişəm, indi Mərdəkanda yaşayıram, yaşayış yeri üzrə yaxın olan poliklinikaya gedirəm. Mərdəkanda gedəcəyim poliklinikayla aramda az məsafə var”.

Gənc yazıçı Kəramət Böyükçöl bu haqda məlumatlı olmadığını bildirib:

“Məni Azərbaycan Yazıçılar Birliyindən çıxarıblar və birinci dəfədir, sizdən eşidirəm ki, yazıçıların poliklinikası var”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, poliklinikanın tibbi xidmətlərindən yararlanmaq istəyən yaradıcı fəaliyyətlə məşğul olan hər hansı şəxs tibb müəssisəsinə məktubla müraciət edə bilər:

“Yazıçılar Poliklinikası Bakı Şəhəri, Yasamal rayonu Azərbaycan pr. 19 ünvanında yerləşir. Müraciət edən şəxs ərazi üzrə həmin ərazidə yaşayırsa, bu zaman onun müraciəti nəzərə alınır. Əgər müraciət edən şəxs bölgələrdən birində daimi yaşayış qeydiyyatındadırsa, lakin özü Yasamal rayonu  ərazisində əmək fəaliyyəti ilə məşğuldursa, bu zaman da Yazıçılar Poliklinikasının tibbi xidmətlərindən yararlana bilər. 

Lakin şəxs paytaxtın digər rayonlarından birində daimi yaşayış qeydiyyatında olarsa, o zaman qeydiyyatda olduğu ərazi üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindən birinə yönləndirilir”.

Qurumun məlumatında hazırda Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən poliklinikanın  yerləşdiyi binanın AYB-yə icarə verildiyi qeyd edilib:

“Yazıçılar Poliklinikası 1992-ci ilin may ayında Azərbaycan Yazıçılar Birliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən Səhiyyə Nazirliyinin tabeliyinə verilmişdi. Müqavilə şərtlərinə əsasən, poliklinika yazıçılara, bəstəkarlara, rəssamlara, yaradıcılıqla məşğul olan digər şəxslərə və onların ailə üzvlərinə tibbi xidmət göstərib.

Poliklinikada hazırda da xüsusi qrupa (yazıçılara, bəstəkarlara, rəssamlara və onların ailə üzvlərinə) tibbi xidmət göstərilir. Hazırda səhiyyə sistemində aparılan islahatlar, bütün əhali qruplarının tibbi xidmətlə əhatə edilməsi sahəsində tətbiq edilən yeniliklər Yazıçılar Poliklinikasının da tibbi xidmət sahəsinin genişləndirilməsini, tibbi xidmətlə əhatə olunan kontingentin daha optimal saya çatdırılmasını tələb edir.
Eyni zamanda bildiririk ki, hazırda Yazıçılar Poliklinikasının fəaliyyət göstərdiyi sahə (bina) Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındadır və icarə müqaviləsinə əsasən Azərbaycan Yazıçılar Birliyinə verilib”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO