Vəfat edən işsizlərin yaxınlarına niyə “dəfn pulu” VERİLMİR? – Deputatdan SƏRT REAKSİYA 

Vəfat edən işsizlərin yaxınlarına niyə “dəfn pulu” VERİLMİR? – Deputatdan SƏRT REAKSİYA 

Hazırda oxunan: Vəfat edən işsizlərin yaxınlarına niyə “dəfn pulu” VERİLMİR? – Deputatdan SƏRT REAKSİYA 

166643

Hazırda ölkəmizdə pensiyaçı şəxslərin yaxınlarına dəfn üçün verilən müavinətin məbləği minimum (280 AZN) pensiyanın 3 misli qədər, yəni 840 manatdır. Pensiyaçı olmayanlar üçünsə müavinətin məbləği 500 manat hesablanıb. 

Bu həftə mətbuata açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sözügedən məbləğin mərhələlərlə artırılacağını deyib:

“Həm uşağın anadan olmasına, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artım olub. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq”.
 

MÖVZU İLƏ BAĞLI:

Dəfn pulunun verilməsində ƏNGƏL – Mərhumların da QİYMƏT kateqoriyası var


Xatırladaq ki, qanunvericiliyə görə dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə verilir.

İşsiz və ya rəsmi iş yeri olmayanlar, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxslər vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

Hamımız qaçılmaz həqiqətlə üz-üzə gəldiyimiz an, ailə və yaxınlarımızın, qonşularımızın vəfatı zamanı dəfn xərcləri üçün müəyyən məbləğin lazım olduğunu bilirik. Elə dövlətin təyin etdiyi və verdiyi müavinət də bunu təsdiqləyir. Ölünün İslam qaydalarına uyğun dəfn edilməsi üçün bəzi xidmətlərə görə ödənilən vəsait, yas mərasiminin xərcləri, qəbir yerinin və məzar daşının qiyməti müavinətdən daha artığını təşkil edir.

Dövlət bunun bir qismini qarşılayır. Lakin vəfat edən şəxs işsizdirsə, yuxarıda qeyd edildiyi kimi, onun dəfn xərclərini üzərinə götürən yaxınına buna görə dövlət tərəfindən heç bir məbləğdə müavinət ödənilmir.

Bəs bunu necə tənzimləmək olar? İşləməyən şəxsə dünyadan köçdüyü vaxt belə hansısa güzəşt düşünmək mümkündürmü?

Milli Məclisin üzvü Fazil Mustafa məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında dəfnlə bağlı müavinətin verilməsində vətəndaşları kateqoriyaya bölməyin düzgün olmadığını bildirib:

“Ümumiyyətlə, işsiz, pensiyaçı və ya hansı kateqoriyadan olursa olsun hamı vətəndaşdır. Vətəndaşın dəfni ilə bağlı mütləq bu müavinət ödənilməlidir. Yəni bu, bütün kateqoriyadan olan insanlara aid edilməlidir. 

Əksinə işsiz vətəndaşa daha çox şamil edilməlidir. Çünki onların ailələrinin dəfn məsrəflərini ortadan qaldırmaq imkanları çox məhduddur. Biz bunun üzərində düşünməliyik. Bir sıra məsələlər var ki, onlarda vətəndaşların birini digərindən ayırmaq olmaz. Bu müavinətlərin vətəndaşa öləndə də bir faydası toxunmayacaqsa, onda bunun mənası qalmır”.

Deputat hesab edir ki, dəfnə görə verilən müavinət hamıya şamil edilməlidir:

“Sağlığında işsiz olan adam öləndə, heç olmasa, onun yaxınları dəfn pulunu almaq imkanını itirməməlidir. Çünki məsrəf həmin məsrəfdir. Yenə də dəfn üçün xərclənən məsrəf Azərbaycanın bütün vətəndaşlarının cibindən gedəcək. Öləndə baxılmır ki, bu işsizdir və ya işi var. Bu məsələlər çox ciddi narahatedici məsələlərdir və üzərində  düşünülməlidir”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO