Rasim Balayev, Çingiz Abdullayev... – Növbədə KİMDİR?

Rasim Balayev, Çingiz Abdullayev... – Növbədə KİMDİR?

Hazırda oxunan: Rasim Balayev, Çingiz Abdullayev... – Növbədə KİMDİR?

153916

Son vaxtlar qəribə və anlaşılmaz proseslər gedir. Cəmiyyətdə nüfuzu olan, iyrəncliklərə, çirkablara bulaşmayan insanlara qarşı səlib yürüşü başlayıb. Yerindən duran, mənəvi haqqı olmayan bəzi “soydaşlarımız” total şəkildə bu xalqın mənəvi dəyərlərinə çamur atmağa başlayıblar. 

Ötən ay Xalq artisti Rasim Balayevin, bu aysa Xalq yazıçısı Çingiz Abdullayevin üzərinə davamlı basıqlar olur. Birisi Rasim Balayevə irad tutur ki, sən niyə ölkə başçısına Babək dedin? Biri deyir ki, Azərbaycanda geylərə pis baxırlar, Rasim Balayev niyə buna öz münasibətini bildirmir?
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Balayevin ən böyük səhvi


İndi də bəzi sosial şəbəkə qəhrəmanları başlayıblar ki, Çingiz Abdullayev niyə Azərbaycan dilində yaxşı danışa bilmir? 

Ən pisi də odur ki, sosial şəbəkə qəhrəmanları fikirlərini səsləndirərkən təhqiredici ifadələrdən geninə-boluna istifadə edirlər. Bu da onu göstərir ki, kimlər tərəfindənsə idarə olunan bu “qəhrəmanlar”  heç öz fikirlərini doğru-düzgün ifadə edə bilmirlər. Və savadsızlıqları üzündən də tənqidlə təhqiri qarışdırırlar.  Bu məsələnin görünən tərəfidir. Əsas məsələ bu hücumların gizli məramı və görünməyən tərəfidir. 

Bu hücumların hədəfi nədir?

Hazırda hansısa qüvvələr cəmiyyətin dəyər verdiyi insanları hər vasitə ilə çirkaba bulaşdırmaq və cəmiyyətdəki mizan-tərəzini yoxa çıxartmaq istəyirlər. Hər şeyi boz rənginə çevirmək, hər kəsi diligödək və asan idarəolunan kütləyə çevirmək sanki kimlərinsə vəzifə borcudur. Çünki, öz prinsipləri və fərqli baxış tərzi olan insanlar hər zaman cəmiyyətdə “kislorod” rolunu oynayıb. Məhz belə adamlar cəmiyyətə yeni qan, nəfəs verib. Bunun hesabına da cəmiyyət durğun su kimi iylənib getməkdən qurtulub. Belə insanlara ZİYAlı deyirlər. Və bu gün cəmiyyətimizin ZİYAlılarından ikisi də Rasim Balayev və Çingiz Abdullayevdir.

Rasim Balayev kimdir?

Rasim Balayev ən azından son 50 illik dönəmdə çoxlarının kumiri olub. Hər bir Azərbaycan gənci Rasim Balayev xarizmasına sahib olmağı arzulayıb. Üstəlik, Rasim Balayev yaratdığı Babək, Nəsimi və digər obrazlarla bu xalqın milli dəyərlərini göylərə qaldırrb. Ən azından 300 milyonluq sosialist məkanında Azırbaycanın dəyərlərini layiqincə təbliğ edib. 

Bir zamanlar Rasim Balayevin oynadığı filmlər Vladivostokdan, Pekindən, Pxenyandan tutmuş Berlinə, Praqaya, Qahirəyə və hətta Havanaya qədər yüzlərlə şəhərlərdə sərgilənirdi. Bir milləti tanıtmağın və sevdirməyin bundan gözəl yolu varmı? 

Hələ onu demirik ki, Rasim Balayevi ötən 75 ildə hansısa məmurun və yaxud “xeyriyyəçi”nin qapısında oturub gözlədiyini görən olmayıb. Bəs, kişi və ZİYAlı ləyaqəti bundan artıq necə ola bilər?!

Çingiz Abdullayev niyə Azərbaycanca yazmır?

Çingiz Abdullayev dünya şöhrətli yazıçıdır. Onun yaradıcılığa başladığı dövr Sovetlər vaxtına düşüb. O dövrdə isə dünyanın aparıcı iki dilindən biri rus dili idi. Çingiz Abdullayev də daha çox auditoriya qazanmaq üçün məhz bu dildə yazıb, yaradıb. Ədəbiyyatdan az-çox başı çıxan adam bilir ki, keyfiyyətli tərcümə həmin əsəri yenidən yazmaq kimi bir məsələdir. Keyfiyyətsiz tərcümə isə hər şeyin məhvidir. 

Məsələn, bu gün Nizamini, Puşkini bizlərə daha çox sevdirən Səməd Vurğun tərcüməsidir. Bu problemi bildiyi üçün Çingiz Abdullayev ömrü boyu rus dilində yazıb. Və gündəlik iş və ünsiyyət prosesi onu Azərbaycan dilində zəif danışmaq məcburiyyətində qoyub. Buna görə də kiminsə Çingiz Abdullayevi təhqir etmək haqqı və hüququ yoxdur. 

Və bəzilərinsə heç tənqid etmək haqqı yoxdur. Çünki, Çingiz Abdullayev tarixdə qalacaq şəxsiyyətlərdəndir.

Bu gün onun əsərlərin ABŞ, Avropa kitabxanalarını və kitab sərgilərini bəzəyir. Millətə bundan artıq necə xidmət etmək olar ki?! Bir xalqı dünyada bundan artıq necə sevdirmək olar ki?!

Hələ onu demirik ki, 44 günlük müharibədə dövründə Rusiyanın mərkəzi telekanallarında ermənidən artıq ermənilik edən zatulinləri, solovyovları , skabayevaları dalana dirəyən tək azərbaycanlı Çingiz Abdullayev idi. Ən əsası Moskva elitasının qəbul və sözünə hörmət etdiyi iki ziyalımızdan biri Çingiz Abdullayevdir. Heç olmasa bunu unutmayaq.

Axı, ermənilər Şarl Aznavurdan heç zaman soruşmadılar ki, sən erməni dilini niyə bilmirsən?

Hələ Ermənistanın fəxri qəhrəmanı Kim Kardaşyandanı demirik. Heç bir erməni cürət edib Kimdən soruşa bilməz ki, sən erməni dilini niyə bilmirsən? Çünki, onlar kimlərinsə hansı dildə danışdığına yox, xalqına necə xidmət etdiyinə baxırlar. 

Şarla Aznavur Fransada yaşayıb, yaratsa da erməni olaraq doğuldu, erməni kimi də öldü. Gəlin kimin hansı dildə və nə danışdığına yox, xalq qarşısında hansı xidmətlər göstərdiyinə baxaq. Unutmayaq ki, Rasim Balayev və Çingiz Abdullayev də bir daha bu dünyaya gəlməyəcək. Bəlkə də onların uğurlarını da kimlərsə təkrarlaya bilməyəcək. Ona görə də bu adamlar millətimizin mənəvi pasportudur. Gəlin bu pasportu ləkələməyək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO