Avtomobillərin icbari sığorta PROBLEMİ – Bəzi şirkətlər niyə ödənişi VAXTINDA ETMİRLƏR?

Avtomobillərin icbari sığorta PROBLEMİ – Bəzi şirkətlər niyə ödənişi VAXTINDA ETMİRLƏR?

Hazırda oxunan: Avtomobillərin icbari sığorta PROBLEMİ – Bəzi şirkətlər niyə ödənişi VAXTINDA ETMİRLƏR?

153078

“Azərbaycanda bu ilin yanvar-iyul aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 92 milyon 644 min manat olub. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56,6% və ya 33,5 milyon manat çoxdur. Bu məbləğin artımı əsas səbəbi odur ki, bir müddət əvvəl icrabi sığorta haqlarının hesablanması ilə bağlı qaydalara dəyişikliklər edildi və əlavə kateqoriyalar müəyyən edildi. Bu da müsbət haldır”. 

Bu sözləri Bizim.Media-ya açıqlayan sığorta bazarı eksperti Əli Bayramov bildirib ki, əvvəllər yalnız avtomobilin həcmi əsas götürülürdüsə, indi avtomobilin istifadə olunduğu ərazi, onu idarə edən şəxs və digər faktorlar diqqətdə saxlanılır ki, bu da sığorta haqlarının qalxmasına səbəb olub. 

Ə.Bayramovun sözlərinə görə, bundan sonra icbari sığorta sahəsinin zərərlə işləməyə başladı: 

“Bunun nəticəsində də şirkətlər müştərilərinin sığortasından imtina etməyə başladılar. Digər səbəb isə ölkədə nəqliyyat vasitələrinin artımı ilə bağlıdır. Əvvəllər 500 min maşın vardısa, indi 2-3 dəfə çoxdur”. 

Ölkəmizdə bu sığortalarla bağlı vəziyyətin hələ də gərgin olduğunu söyləyən ekspert qeyd edib ki, vətəndaş hələ də avtomobillərini rahat şəkildə sığorta edə bilmir:

“Belə olan halda ortada olan dəllallar əlavə pul tələb edirlər. Müştəri də çıxılmaz vəziyyətdə qalaraq, sığortanı belə şəxslərdən almalı olur. Ona görə ki, sığorta haqlarının qaldırılması düzgün həyata keçirilmir. Yəni, şirkətlər hələ də zərərlə işləyirlər”.  

Bir müddət Mərkəzi Bank sığorta şirkətlərinə bəzi göstərişlər verdiyini xatırladan müsahibimiz qeyd edib ki, bu şirkətlər onlayn şəkildə vətəndaşlara şərait yaratmalıydı:

“İstənilən şəxs isə onlayn şəkildə icbari sığortasını almaq hüququ əldə etməliydi. Ancaq təəssüf ki, bu problem hələ də həll olunmayıb. Bunun da səbəbi odur ki, şirkətlər zərərlə işləyirlər və məsuliyyəti öz üzərlərindən atırlar. Yəni, “məndən keçsin, qonşuma dəysin” prinsipi ilə işləyirlər”. 

Bunların səbəbini 2019-2021-ci illərdə dünyanı bürüyən “COVID-19” pandemiyası ilə əlaqələndirən Ə.Bayramov bildirib ki, qlobal iqtisadi böhran, avtomobil ehtiyyat hissələrinin bahalaşması və digər problemlər sığorta şirkətlərini də ziyana uğratdı:

“Tendensiya belə davam edərsə, sığorta haqları yenidən qalxmacaq ki, bu da əhalinin ciddi narazılığına səbəb olacaq. Bizə fundamental dəyişikliklər lazımdır ki, bu sistem dayanıqlı olsun və müştərilər əziyyət çəkməsinlər. Vəziyyət o həddə çatıb ki, icbari sığortasının vaxtı bitən sürücü avtomobilini idarə edə bilmir.

Çünki, yollardakı kameralar dərhal çəkir və barəsində inzibati xəta protokolu tərtib olunur. Sürücü də çarəsiz vəziyyətdə qalaraq ondan tələb olunan əlavə vəsaiti də hazır edir ki, avtomobilini rahat idarə edə bilsin”. 

Müsahibimiz daha yüksəkməbləğli zərərlər zamanı sığorta şirkətlərinin ödəniş etməkdən boyun qaçırması məsələsindən də söz açıb:

“Amma bu, qeyri-qanunidir. Belə hallar həddindən çoxdur. Sığorta şirkəti əslində kommersiya qurumudur və mənfəət əldə etməyə çalışır. Ancaq düzgün yanaşma deyil. Qazancı da, zərəri də olacaq. Hər şey sığorta hadisələrindən asılıdır. Bu problemdən can qurtarmaq üçün müştəri Mərkəzi Banka müraciət etməlidir. Şirkət isə daha artıq ziyan etməməsi bəzi vacib addımları atmalıdır. Dövlət isə müasir texnologiyalardan istifadə etməklə, vahid yanaşma tətbiq edə bilər. Yalnız bundan sonra həmin qurumlar müştəriləri süni şəkildə incidə bilməyəcəklər”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO