Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən milli ədəbiyyatımızın, eləcə də ana dilimizin inkişafına böyük qayğı göstərir, eyni zamanda, şair və yazıçılarla tez-tez görüşərək onları milli ruh və kimliklə bağlı əsərlər yazmağa ruhlandırırdı. Heydər Əliyev hesab edirdi ki, azərbaycançılıq ideologiyasının möhkəmlənməsi və inkişafında milli dil və ədəbiyyat müstəsna əhəmiyyətə malikdir. Məhz bu iki amilin köməyi ilə bu ideologiyanı yaymaq, onu xalqın şüuruna daha dərindən həkk etmək, bu ideologiyanı yaşam qayəsinə çevirmək mümkündür. Buna görə də Ümummilli lider hər vasitə ilə milli ədəbiyyatımızın inkişafının qayğısına qalır, milli kimliyin əsas təbliğatçısı kimi onun mövqeyinin güclənməsinə çalışırdı.
Təbii ki, sovet dönəmində milli dil və ədəbiyyatın inkişafı istiqamətində prinsipial addımlar atmaq o qədər də asan deyildi. Rus dili və ədəbiyyatının bütün sovet məkanında hakimliyinə çalışan Kreml, hər vasitə ilə digər xalqların dil və ədəbiyyatını sıxışdırır, milli mədəniyyətləri assimilyasiyaya uğratmağa çalışırdı. Milli dil və ədəbiyyatın inkişafına çalışan şəxslər bir çox hallarda şərlənərək sovet repressiya maşınının qurbanına çevrilir, onlara millətçi damğası vurulurdu. Belə bir şəraitdə milli dil və ədəbiyyatı qorumaq, bu sahədə çalışan ziyalıları himayə etmək böyük risk və səriştə tələb edirdi. Hansı ki, Ulu öndər bunu çox böyük bacarıq və ustalıqla həyata keçirib, bu sahədə böyük uğurlara imza atıb.
Ulu öndər böyük şair Bəxtiyar Vahabzadəni repressiya maşınındam necə xilas edib?
Ümummilli lider Heydər Əliyevin sadəcə milli ədəbiyyatımız deyil, milli tariximiz və azərbaycançılıq ideologiyası qarşısındakı ən böyük xidmətlırindən biri görkəmli şair Bəxtiyar Vahabzadəni sovet rejimini qorxunc repressiya maşınından qoruması olub. Məlimat üçün qeyd edək ki, Bəxtiyar Vahabzadənin 1950-1960-cı illərdə xalqımızın milli-tarixi kimliyi ilə bağlı yazdığı şeir və poemalar sovet hakimiyyətinin diqqətini cəlb edir, onda Azərbaycan xalqının istedadlı oğluna qarşı qəzəb hissi formalaşdırırdı. Nəhayət, 1962-ci ildə Bəxtiyar Vahabzadəyə qarşı ilk repressiv addımlara start verilir. O, millətçilik ideyalarını təbliğində günahlandırılaraq dərs dediyi Bakı Dövlət Universitetindən uzaqlaşdırılır.
Bəxtiyar Vahabzadənin iş tapmaq, öz maddi rifahını yaxşılaşdırmaq cəhdləri nəticə vermir. Şairin sovet rejiminin qəzəbinə tuş gəldiyini görən hər kəs ondan uzaq gəzməyə, onunla təmasdan qaçmağa çalışır. Bəxtiyar Vahabzadənin həm maddi, həm də mənəvi-psixoloji baxımdan düşdüyü ağır vəziyyət 1964-cü ilə kimi davam edir. Ümummilli lider Heydər Əliyevin 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini postuna təyinatı Bəxtiyar Vahabzadənin həyatında ciddi dəyişikliyə səbəb olur. Heydər Əliyev sovet rəhbərliyini inandıra bilir ki, Bəxtiyar Vahabzadənin millətçi kimi damğalanmasına heç bir əsas yoxdur və onun yaradıcılığında sovet rejimi üçün hər hansı təhlükə kəsb etmir. Məhz Ulu öndərin səyi nəticəsində Bəxtiyar Vahabzadə elə həmin il – 1964-cü ildə yenidən Bakı Dövlət Universitetindəki işinə bərpa olunur. 1967-ci ildə Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunması, general-mayor rütbəsi ilə təltif olunması Bəxtiyar Vahabzadə ilə yanaşı, ölkədəki bütün milli ziyalıların mövqeyinin güclənməsinə, onların daha təhlükəsiz ortamda fəaliyyət göstərməsinə səbəb olur. (//heb.science.gov.az/az/news/2511/ ).
Məlumat üçün qeyd edək ki, Ulu öndər Heydər Əliyevin özü vaxtiylə Bəxtiyar Vahabzadə ilə bağlı yaranmış təhlükəli məqam haqqında demişdir: “Mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. “Gülüstan” poemasını yazmışdı. Ondan ötrü o zaman həbs etmək məsələsini qoymuşdular. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi verdim. Belə bir insan o vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayət yox idi. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər yazırdı”. (//ikisahil.az/post/270119-heyder-eliyev-azerbaycan-edebiyyatinin-hamisi-ve-teessubkeshi ).
Heydər Əliyev Azərbaycan xalqının digər böyük oğlu Xəlil Rza Ulutürkün sovet repressiyasından qorunması istiqamətində də mühüm addımlar atmış, bir neçə dəfə onu böyük təhlülkədən xilas etmişdir. Ulu öndər Xəlil Rzaya mənəvi-psixoloji baxımdan da dəstək verir, onu mübarizəyə ruhlandırırdı. Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk çıxışlarının birində bu barədə demişdir: “80-ci illərdə Xəlil Rzaya millətçi damğası vurmaq istəyirdilər. Hətta dissertasiyasının müdafiəsinə mane olanlar da vardı. Ümummilli liderimiz Heydər Əliyev o zamanlar Moskvada çalışırdı. Telefon söhbətində Xəlil ona bu barədə dedi. Cavabında Heydər Əliyev ona demişdi ki, sən millətçi şair deyilsən, sən xalqın şairisən. Heç kəs sənə mane ola bilməz. Xəlil bu söhbətdən sonra "elə bildim, arxamda bir dağ var" – dedi”.
Göründüyü kimi, Heydər Əliyev istər Dövlət Təhlükəsizliyi Komitəsində, istərsə də Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışdığı dönəmdə milli kimlik və azərbaycançılıq ideologiyasının yayılmasına təkan verən ziyalıları himayə edir, onları xalqın mili sərvəti kimi hifz edirdi. Heydər Əliyev hesab edirdi ki, bu ziyalılar böyük orduların görə bilmədiyi işi öz qələmləri ilə həyata keçirir, xalqı öz böyük keçmişləri ilə tanış edir, onun gələcəyə yolunu aydınladırlar. Buna görə də Ulu öndər bu ziyalıları sovet rejiminin təhdid və təhlükələrindən qorumaqla yanaşı, onların fəaliyyəti üçün geniş imkanlar yaradırdı.
Heydər Əliyevin Hüseyn Cavid sevgisi
Heydər Əliyev zamanının ziyalılarını himayə etmək, onları repressiyalardan qorumaq, həmin ziyalıların fəaliyyəti üçün optimal şərait yaratmaqla yanaşı, ötən dövrlərdə yaşayan milli ziyalıları da unutmağa qoymur, onları müxtəlif anım tədbirləri, yubileylər və s. vasitəsi ilə yad edirdi. Heydər Əliyev istəyirdi ki, Azərbaycan xalqı öz yaradıcılığında onun tarixi kimliyinə, milli özünəməxsusluğuna, təkrarsızlığına, dəyərlərinə toxunan, bu kimlik və dəyərlərin daşıyıcısı qismində çıxış edən ziyalıları, onların yaradıcılığını tanısın, bu şəxsləri öz yaddaşında qoruyub hifz etsin.
Ulu öndərin böyük Azərbaycan şairi Hüseyn Cavidə, onun zəngin yaradıcılığına münasibəti bu baxımdan xüsusi diqqət çəkir. Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə sovet repressiya maşınının qurbanı olan Hüseyn Cavidin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı qərar qəbul edilir. Qərarda nəzərdə tutulan tədbirlərdən biri də Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsi idi. 1982-ci ildə yenə də Heydər Əliyevin bilavasitə səyi ilə şairin cənazəsi Sibirdən Azərbaycana gətirilir və anadan olduğu doğma Naxçıvanda dəfn edilir. (//naxcivanxeberleri.com/cemiyyet/83969-huseyn-cavid-sxsiyytin-heydr-liyev-qaygisi.html ).
Bu, Hüseyn Cavidin nəşini doğma yurdla qovuşdurmaqla yanaşı, Azərbaycan insanının diqqətini böyük şairin irsinə cəlb etmək, onun yaradıcılığı ilə bağlı yeni araşdırmalara, tədqiqat işlərinə start vermək baxımından da önəmli addım idi. Təsadüfi deyil ki, məhz bu addımdan sonra Hüseyn Cavid yaradıcılığına Azərbaycan cəmiyyətində maraq daha da artmış, mərhum şairlə bağlı araşdırmalar daha da genişlənmiş, aktuallıq kəsb etmişdir.
Heydər Əliyev Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra da Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, onun xalqımız qarşısındakı xidmətlərinin qiymətləndirilməsi istiqamətində mühüm addımlar atır. Bu addımlardan biri də 1992-ci ildə - Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışarkən Hüseyn Cavidin 110 illiyinin qeyd olunması olur. 1992-ci ilin 24 oktyabrında bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ulu öndər Hüseyn Cavid şəxsiyyətinin, yaradıcılığının önəminə diqqət çəkərək demişdir:
“Bu gün bayram günüdür. Bu gün bizim Azərbaycan xalqı üçün, o cümlədən naxçıvanlılar üçün böyük bayramdır. Biz Azərbaycanın böyük yazıçısı, şairi, dramaturqu, mütəfəkkiri, filosofu Hüseyn Cavidin anadan olmasının 110 illiyini qeyd edirik.
Bu dünya heç kim üçün, heç kəs üçün əbədi deyil. H.Cavid öz həyatı dövründə yaratdığı mənəvi, mədəni sərvətlərlə özünü əbədiləşdiribdir. Ona görə də bu günkü toplantı, bu mərasim, bu yubiley gecəsi, matəm gecəsi deyil, bayram gecəsidir. Biz H.Cavidin əsərlərinin uzun illərdən sonra qalibiyyətini qeyd edirik. Onun fikirlərini, onun Azərbaycan xalqına verdiyi nəsihətlərin artıq həyata keçirilməsi imkanını əldə etdiyimizi qeyd edirik və bayram edirik.
Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, bütün türk dünyasının ən görkəmli bir simasıdır, təkrar olunmaz bir şəxsiyyətdir, bir şairdir və yazıçıdır. Onun yaratdığı əsərlər böyük çətinliklərdən keçərək indi artıq hamımız üçün dərslik olubdur və dərslik olmalıdır. Hüseyn Cavidin həyatı nə qədər əziyyətli olsa da onun yaratdığı əsərlər onu bir o qədər də zəngin, şöhrətli edir ”.
Bütün bu faktlar Ulu öndərin Azərbaycan ədəbiyyatı qarşısındakı çoxsaylı xidmətlərinin cüzi bir hissəsidir. Ancaq hətta bu azsaylı faktlar da Ulu öndərin mili ədəbiyyatımız qarşısında necə böyük, tarixi və ölümsüz xidmətlərə malik olduğunu aydın şəkildə göstərir.
“Ölümü olmayan insan!”
Ədəbiyyatımızı, onun yaradıcılarını himayə edən Heydər Əliyevin Azərbaycan sevgisi, xalqımız qarşısındakı unudulmaz xidmətləri ədəbiyyatımız tərəfindən də daim diqqət mərkəzində saxlanılıb, zaman-zaman Ulu öndərlə bağlı gözəl poetik nümunələr, böyük əsərlər meydana çıxıb. Hansı ki, bütün bu əsərlərdə Ümummilli liderin xalqın, dövlətin mənafeyi uğrundakı fədakarlığı öz əksini tapmaqdadır.
Heydər Əliyevin milli kimliyimiz, azərbaycançılığımız, milli-mənəvi dəyərlərimiz baxımından ortaya qoyduğu fəaliyyəti əks etdirən belə şeirlərdən biri “Ölümü olmayan insan!” şeiridir. Sözləri Seymur Əliyevə məxsus olan, bədii qiraətçi Zəhra İmranlı tərəfindən səsləndirilən bu şeirdə Ulu öndər haqlı olaraq ölümsüz, əbədiyaşar insan kimi xarakterizə olunur, onun Azərbaycanı, onun simasını, dünya dövlətləri arasındakı yerini necə möhkəmləndirdiyi təsvir olunur:
Ölümü olmayan insan!
Sənə salamlar olsun, aqildən aqil insan,
Hətta mümkünsüzü də, etməyə qabil insan!
Bu gün sözüm sənədir, nur adam, adil insan.
Sevgin ürəyimizdə, atəşdir, qordur sənin,
Anadan olmağın var, ölümün yoxdur sənin.
Parçalanan millətə birliyi gətirən sən,
Qarabağa özünü anında yetirən sən,
Bizlər üçün ömrünü şam kimi bitirən sən,
Xalq önündə xidmətin çoxdan da çoxdur sənin,
Anadan olmağın var, ölümün yoxdur sənin.
Sənin sayəndə gəldi, şan bizə, şöhrət bizə,
Hörmət etməyənlər də, etdilər hörmət bizə,
Qoydun güclü, yenilməz, müstəqil dövlət bizə,
Hər işin düşmənlərin gözünə oxdur sənin,
Anadan olmağın var, ölümün yoxdur sənin.
Doğma, əziz nə varsa, sən qoymadın kənarda,
Sənlə yeni ruh tapdı, dil də, din də, iman da,
Sənlə geriyə döndü milli tar da, kaman da,
Lay-lay qədər pak, şirin muğam sənin, şur sənin,
Anadan olmağın var, ölümün yoxdur sənin.
Göründüyü kimi, şeirdə Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, mili kimliyimizə yeni bir nəfəs verdiyi, azərbaycançılıq ideologiyasını xalqımızın yaşam tərzinə çevirdiyi öz əksini tapıb. (//moderator.az/read/323365/ ).
Şübhəsiz, Heydər Əliyev, onun fəaliyyəti hər zaman olduğu kimi bundan sonra da Azərbaycan ədəbiyyatı tərəfindən araşdırılacaq, Ümummilli liderlə bağlı yeni ədəbi əsərlər yaradılacaq. Nə qədər ki, Azərbaycan ədəbiyyatı var, Heydər Əliyev bu ədəbiyyatın əsas qəhrəmanlarından biri olaraq qalacaq.
Seymur ƏLİYEV
Moderator.az


Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.9. istiqaməti üzrə (azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”) hazırlanmışdır.


































































































