Bir səfərin təsdiqlədiyi həqiqət: Azərbaycan artıq seçim deyil, zərurətdir - TƏHLİL

Bir səfərin təsdiqlədiyi həqiqət: Azərbaycan artıq seçim deyil, zərurətdir - TƏHLİL

Hazırda oxunan: Bir səfərin təsdiqlədiyi həqiqət: Azərbaycan artıq seçim deyil, zərurətdir - TƏHLİL

622879

Məlum olduğu kimi, iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ölkəmizə səfərə gəlib. AK Prezidentinin Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində uzun müddətdir müşahidə olunan müsbət dinamikanın təsdiqi olmaqla yanaşı, əməkdaşlığın yeni geosiyasi mərhələyə daxil olduğunu göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər.

Diqqətçəkən məqamlardan biri də odur ki, bu səfər Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərlərindən sonra baş tutdu. Bu ardıcıllıq təsadüfi deyil.
 

MÖVZU İLƏ BAĞLI:

"Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur


Əslində, Avropa İttifaqının ən yüksək siyasi rəhbərliyinin qısa zaman kəsiyində ard-arda Bakıya gəlməsi 27 üzv dövləti birləşdirən qurumun Azərbaycanla münasibətlərə artıq fərqli prizmadan yanaşdığını nümayiş etdirir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Lyayenlə birgə mətbuata bəyanatında Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsində olduğunu və münasibətlərimizdə görünməmiş dinamika müşahidə edildiyini bildirib.
 

Bu dinamika təkcə enerji əməkdaşlığının genişlənməsi ilə bağlı deyil. Brüssel artıq Azərbaycanı Cənubi Qafqazın gələcəyini müəyyən edən əsas siyasi aktor, Avropa ilə Asiyanı birləşdirən strateji körpü və regional təhlükəsizliyin təminatçılarından biri kimi qəbul edir.


Azərbaycan Avropa üçün yalnız enerji tərəfdaşı deyil

Ursula Fon der Lyayenin mətbuata bəyanatında səsləndirdiyi fikirlər mühüm siyasi mesajlarla zəngin idi. O, Azərbaycanı Avropa İttifaqı üçün "olduqca əhəmiyyətli tərəfdaş" adlandırmaqla kifayətlənmədi, həm də ölkəmizin regiondakı roluna xüsusi qiymət verdi.

"Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir”, - deyə Avropa Komissiyasının Prezidenti bəyan edib.

Bu fikir əslində Brüsselin Azərbaycana baxışındakı fundamental dəyişikliyi əks etdirir. Bir neçə il əvvəl Avropa İttifaqının əsas marağı enerji təhlükəsizliyinə fokuslanırdısa, indi Azərbaycan regional geosiyasətin əsas mərkəzlərindən biri kimi qiymətləndirilir.

Bu yanaşmanın formalaşmasında Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət mühüm rol oynayıb. Bakı eyni vaxtda ABŞ-la strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir, Çinlə hərtərəfli strateji əməkdaşlığı genişləndirir, Türk dünyasında inteqrasiya proseslərinin aparıcı iştirakçısı kimi çıxış edir və Avropa İttifaqı ilə də münasibətlərini yeni mərhələyə yüksəldir.
 

Beləliklə, Prezident İlham Əliyevin balanslaşdırılmış və praqmatik xarici siyasəti Azərbaycanın dünyanın əsas güc mərkəzləri ilə paralel əməkdaşlıq modelini formalaşdırmasına imkan verib.


Brüssel Azərbaycanın sülh siyasətini dəstəkləyir

Səfərin ən diqqətçəkən siyasi məqamlarından biri Azərbaycan-Ermənistan münasibətlərinə verilən qiymət oldu.

Ursula Fon der Lyayen Prezident İlham Əliyevə müraciətlə bildirdi: "Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edirəm. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz."

Bu bəyanatın siyasi çəkisi kifayət qədər böyükdür. Çünki Avropa İttifaqı açıq şəkildə Azərbaycanın regionda sülh gündəliyinin əsas memarı olduğunu bəyan edir.
 

Son illərdə Ermənistan daxilində baş verən siyasi proseslər də göstərdi ki, Azərbaycanın konstruktiv mövqeyi regionda sabitliyin qorunmasında tarixi rola malikdir. Xüsusilə Ermənistanda keçirilən son seçkilər dövründə Bakının təmkinli və məsuliyyətli siyasəti həlledici rol oynadı.


Əgər Azərbaycan fərqli siyasi xətt seçsəydi, Ermənistandakı daxili siyasi proseslərin nəticələri tamamilə başqa ola bilərdi. Lakin Bakı qarşıdurmanı deyil, sülh gündəliyini seçdi və bu siyasətini ardıcıl şəkildə davam etdirir.

Artıq Brüssel də bunun fərqindədir. Təsadüfi deyil ki, Avropa Komissiyası sərhədyanı bölgələr üçün 20 milyon avroluq xüsusi yardım proqramı elan edib. Layihə səhiyyə, minatəmizləmə, kənd təsərrüfatı, su təminatı və kiçik sahibkarlığın inkişafını əhatə etməklə sülhün iqtisadi dividendlərinin insanlar tərəfindən hiss edilməsinə hesablanıb.

Enerji tərəfdaşlığı yeni mərhələyə keçir

Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Məlum olduğu kimi, 2022-ci ildə Avropa ciddi enerji böhranı ilə üzləşəndə və Rusiya qaz amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etməyə başlayanda Brüssel alternativ mənbələr axtarışına çıxdı.

Məhz həmin dövrdə Azərbaycan etibarlı tərəfdaş olduğunu praktik şəkildə sübut etdi.
 

Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi: "Enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır."


Qeyd edək ki, Hazırda Azərbaycan 15-dən çox ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa İttifaqının üzvüdür. İxrac olunan qazın yarısı məhz Avropa bazarına yönəlir. Son beş ildə Azərbaycan Avropaya təxminən 60 milyard kubmetr təbii qaz nəql edib və Avropa İttifaqına qaz ixrac edən ilk beş ölkədən birinə çevrilib.

2025-ci ilin göstəriciləri də bunu təsdiqləyir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 42 faizdən çoxu Avropa İttifaqının payına düşür, ümumi ixracın isə 69 faizi Aİ bazarına yönəlib. Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi də ölkəmizin iqtisadi gücünün göstəricisidir.

Ən vacib məqam isə Azərbaycanın bütün öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsidir. Bu, Avropa üçün Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaş imicini daha da möhkəmləndirib.

Yaşıl enerji və Mərkəzi Asiyaya uzanan yeni geoiqtisadi xətt

Əməkdaşlığın yeni mərhələsi artıq yalnız təbii qazla məhdudlaşmır. Prezident İlham Əliyev bildirdi ki, imzalanmış müqavilələr hesabına yaxın 5–6 ildə Azərbaycanda 8 giqavatlıq günəş və külək enerjisi istehsal ediləcək.
 

Ursula Fon der Lyayen isə Azərbaycanın Xəzərdəki yaşıl enerji potensialını xüsusi vurğulayaraq "Yaşıl Enerji Dəhlizi" layihəsini yüksək qiymətləndirdi.


Qeyd edək ki, bu layihə təkcə Azərbaycanın deyil, bütövlükdə Mərkəzi Asiyanın enerji xəritəsini dəyişdirə bilər. Azərbaycan artıq Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı vahid enerji platformasında birləşdirən əsas ölkəyə çevrilir.

Brüssel də məhz buna görə enerji sahəsi ilə yanaşı, enerji konnektivliyi üzrə ayrıca tərəfdaşlıq platformasının yaradılmasını təklif edib. Bu təşəbbüs Avropanın gələcək enerji təhlükəsizliyində Azərbaycanın rolunun daha da artacağını göstərir.

Azərbaycan yeni logistika mərkəzi rolunda

Səfər zamanı nəqliyyat və bağlantı məsələləri də əsas müzakirə mövzularından biri oldu. Avropa Komissiyası "Qlobal Qapılar" proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələrinə 200 milyon avroya qədər qrant ayrılacağını açıqladı. Bu investisiyalar 2 milyard avroya qədər əlavə dövlət və özəl vəsait cəlb etmək potensialına malikdir.
 

Strateji layihələr sırasında Bakı limanının genişləndirilməsi, Naxçıvan istiqamətində dəmir yolu bağlantıları və regional logistika imkanlarının artırılması xüsusi yer tutur.


Bu isə o deməkdir ki, Avropa artıq Azərbaycanı yalnız enerji mənbəyi kimi deyil, həm də Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əsas tranzit qovşağı kimi görür. Zəngəzur dəhlizi perspektivinin gündəmdə qalması, Orta Dəhlizin əhəmiyyətinin artması və Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı milyardlarla dollarlıq investisiyalar bu yanaşmanı daha da gücləndirir.

Yeni geosiyasi reallığın mərkəzində Azərbaycan dayanır

Ursula Fon der Lyayenin Bakı səfəri göstərdi ki, Avropa İttifaqının Azərbaycan siyasəti artıq keyfiyyətcə yeni mərhələyə keçib.

Əgər əvvəllər Bakı əsasən enerji təhlükəsizliyi baxımından qiymətləndirilirdisə, indi Avropa İttifaqı Azərbaycanın regional sülhün təmin edilməsində, enerji təhlükəsizliyində, nəqliyyat dəhlizlərinin inkişafında və Avropa ilə Mərkəzi Asiyanın birləşdirilməsində oynadığı rolu strateji əhəmiyyətli amil kimi qəbul edir.
 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, kompleks xarici siyasət nəticəsində Azərbaycan müxtəlif güc mərkəzləri arasında etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Bu gün Bakı Vaşinqton, Brüssel, Pekin və Türk dünyası arasında körpü rolunu oynayan nadir dövlətlərdən biridir.


Bakıdan verilən mesajlar

Məhz buna görə Avropa Komissiyasının rəhbərinin səfəri adi diplomatik təmas deyil. Bu, Avropa İttifaqının Azərbaycanı regionun lider dövləti, sülh gündəliyinin aparıcı təşəbbüskarı və Avrasiyanın yeni geosiyasi düzənində əsas tərəfdaşlardan biri kimi qəbul etdiyini nümayiş etdirən mühüm siyasi mesajdır.

Bakıda verilən mesajlar göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq yalnız iqtisadi əməkdaşlıq çərçivəsini aşaraq geosiyasi tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Bu isə həm regionun gələcək təhlükəsizlik arxitekturası, həm də Avropanın enerji və nəqliyyat strategiyası baxımından Azərbaycanın rolunun qarşıdakı illərdə daha da artacağı deməkdir.

Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO