Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkə hesabında Çexiyanın Baş naziri Andrey Babişin paylaşımını bölüşülüb və Qəbələdə aparılan müzakirələrə görə təşəkkür yer alıb.
Bizim.Media xəbər verir ki, A. Babişin Avropa İttifaqı (Aİ) hüdudlarından kənara ilk səfərinin Azərbaycana həyata keçirilməsi xüsusi vurğulanıb.
"Baş nazir Andrey Babiş, rəsmi səfərinizə və bu gün Qəbələdə apardığımız məzmunlu müzakirələrə görə təşəkkür edirəm. Bunun sizin Aİ hüdudlarından kənara ilk rəsmi səfəriniz olması ikiqat şərəflidir", - İ. Əliyev bildirib və əlavə edib ki, siyasi münasibətlər möhkəmdir və bugünkü fikir mübadilələri Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da dərinləşdirilməsinə ümumi sadiqliyi bir daha təsdiqləyib:
"Ticarət dövriyyəmiz artıq sabit səviyyədə olsa da, biz iqtisadi əməkdaşlığımızın daha da strukturlaşdırılması və şaxələndirilməsi üçün aydın potensial görürük. Səfər çərçivəsində keçirilən və işgüzar dairələrimizin nümayəndələrini bir araya gətirən biznes-forum bu istiqamətdə atılmış mühüm addımdır.
Biz birgə hökumətlərarası iqtisadi komissiyanın səviyyəsini yüksəltmək qərarına gəldik ki, bu da xüsusilə energetika, sənaye və digər əsas sektorlarda daha səmərəli əlaqələndirməyə kömək edəcək.
Biz həmçinin müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək inkişafı üçün yaxşı perspektivlər görürük. Çexiyaya səfər etmək barədə nəzakətli dəvətinizi məmnuniyyətlə qəbul edirəm və dostluğunuza və tərəfdaşlığınıza görə sizə bir daha təşəkkür edirəm".





Bizim.Media





































































































